Emin Əmrullayev: "Bəzi futbol klubları basketbol komandası yaratmaq istəyir"

Emin Əmrullayev: "Bəzi futbol klubları basketbol komandası yaratmaq istəyir"

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ABL-in "Sabah" - Gəncə" final qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb.

mediasport.az saytı xəbər verir ki, “Sabah”ın “Gəncə”ni 86:85 hesabı ilə məğlub edərək çempion olduğu matç haqqında fikirlərini bölüşən qurum rəhbəri növbəti mövsümdə liqada 10 və ya 12 komandanın olacağını istisna etməyib:

- Çox maraqlı oyun oldu. Basketbol həvəskarları matça böyük həvəslə baxdılar, zövq aldılar. Əvvəlcədən də düşünürdük ki, final 5 görüşdən ibarət olsa, basketbolun ölkədə populyarlaşması baxımından daha maraqlı alınar. Oyunda həm həyəcan, həm drammatiklik var idi. Qalib komandanı təbrik edirəm. Ancaq fikrimcə, ən böyük qalib Azərbaycan basketbolu oldu. Növbəti mövsümlərdə daha maraqlı çempionat izləyəcəyimizə ümid edirəm.

Əmrullayev bildirib ki, Azərbaycan Basketbol Liqasında daha çox klubun iştirak etməsini istəyirlər: “Bir çox futbol klubu tərəfindən də maraq var. Bəziləri növbəti ildə, bəziləri isə bir il sonra basketbol komandası formalaşdırmaq istəyir. Klubların istəyi bizim cəlb edə biləcəyimiz saydan daha çoxdur. Basketbolun coğrafiyasının genişlənməsində maraqlıyıq. Azərbaycanın digər bölgələrində də basketbolun olmasını istəyirik. İnanırıq ki, əldə olunan nailiyyətlər daha çox sponsor cəlb etməyimizə imkan verəcək. Belədə klublara olan dəstəyin həcmi artacaq. Klubların sayının artması legioner limitinin 4+1 olmaq ehtimalını da artır. Yerli oyunçuların sayı hələ o qədər çox deyil. Hazırda əsas hədəfimiz klubların sayını artırmaqdır".

ABF prezidenti Azərbaycan klublarının avrokuboklarda iştirakına çalışdıqlarını deyib: “Bununla bağlı hansısa tələblər ola bilər. İndiki mərhələdə əsas problemimiz lisenziya ilə bağlı deyil. Azərbaycan uzun fasilədən sonra Avropa arenasına qayıdacaq. Bu, danışıqlarımızdan asılı olacaq. Həm biz federasiya olaraq, həm də bəzi klublar avrokuboklarda iştirak etmək niyyətindədirlər. Yenə də iyulun sonlarına yaxın bunu daha dəqiq biləcəyik. Bu, bizdən asılı məsələ deyil. Amma reallaşacağına inanırıq. Yeganə zəruri şərt FIBA ilə olan danışıqlardır. Danışıqlara hələ başlamamışıq. Amma avrokuboklarda iştirak üçün elə ciddi maneə də görmürük”.

Federasiya rəhbəri sonda milli komanda ilə bağlı da fikirlərini paylaşıb: “Kişilərdən ibarət Azərbaycan millisi C divizionunda çıxış edir. Növbəti mövsümdən ənənəvi seçmə turnirlərə qatılmağı düşünürük. İlkin kvalifikasiya mərhələsində oynaya bilərik. Bu, FIBA ilə noyabrda aparılacaq danışıqlardan asılı olacaq. Təsnifat mərhələlərində qalib olsaq, ənənəvi turnirə qatılacağıq. Əks təqdirdə, yəqin ki, növbəti il də C divizionunda oynayacağıq. Bu, dəqiqləşəndən sonra milli komandanın baş məşqçisi məsələsi ilə bağlı qərar da verəcəyik. Hazırda müzakirə mövzusu deyil. Yerli məşqçilərin və seleksiyaçıların daimi nəzarəti var. Ayrı-ayrı milli oyunçuları və namizədlərlə bağlı statistika toplanır. Yığmanın vaxtı çatanda bununla bağlı qərar statistikalara uyğun veriləcək”.