Emin Mahmudov SUSQUNLUĞU POZDU: "Çox utanıram, sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!"
"Neftçi"nin kapitanı Emin Mahmudov uğursuz mövsümün ardından susqunluğa son qoyub.
Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi instaqram hesabında paylaşım edib.
O, azarkeşlərdən üzr istəyib:
"Dəyərli "Neftçi" azarkeşləri!
Neçə gündür ki, sizə yazmaq istəyirəm. Lakin indi özümdə güc və inam tapıb sizə yazıram. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. İstədiyimizi, istədiyinizi verə bilmədik. Bilməyinizi istəyirəm ki, nəinki son oyuna görə, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. "Neftçi" ailəsinin kapitanı olaraq sizə, bunları yaşatdığımıza görə üzr istəyirəm!".
Xatırladaq ki, kubokda da mübarizəni erkən dayandıran "ağ-qaralar" Premyer Liqanın son turunda evdə "Sabah"a uduzaraq (0:1) 5-ci yeri tutub və avrokuboklara vəsiqə qazana bilməyiblər.