"Emosiyalar ancaq futbolu dağıdanlara sərfəlidir" - VİDEO
AFFA-da hesabat-seçki konfransı keçirildikdən, federasiya rəhbərliyində 80-90% dəyişiklik baş verdikdən sonra, nisbi susqunluq yaransa da, futbol ictimaiyyəti, azarkeşlər arasında müəyyən ümidlər yaranıb.
Nəyin necə olacağını, baş verəcəyini zaman göstərəcək...
Uzun illərdən sonra CBC SPORT kanalının "Bizim futbol" verilişində tamaşaçılarla səmimi ünsiyyət quruldu. Təşəbbüs göstərən, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Bir proqram çərçivəsində ümumi futbolun problemlərini əhatə etmək mümkünsüzdür!
Belə müzakirələr davamlı olmalı, sözünü deyən müxtəlif ekspertlər, jurnalistlər futbolda çıxış yollarını göstərməli, faydalı fikirlərini ictimaiyyətlə bölüşməli, yeni AFFA rəhbərliyi ilə sağlam dialoq qurulmalıdır. Təbii, belə debatlarda subyektiv yanaşmalar da, obyektiv düşüncələr də olur... Əsas, sonda müxtəlif yararlı fikirlərin ümumi məxrəcə gəlinməsi/gətirilməsidir!
Əsasən AFFA, klublar, infrastruktur, uşaq futbolu, hakimlik mövzusunu əhatə edən məqamlarda vaxt çatışmazlığı olduğu üçün, tam dolğun yanaşmanın olması obyektiv olaraq mümkün deyil...
Azərbaycan futbolu çətin durumdadır, mövzu illərdi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Federasiyanı qəbul edənlər öz üzərlərinə çox böyük yük götürüblər. Məsuliyyət inanılmazdır! İnanmaq istərdim ki, yeni heyətdə təmsil olunanların hər biri bunu dərindən dərk edir və əməyini əsirgəməyəcək. Futbolun kompleks halda sistemli hala salınması üçün ciddi işlər görülməli, addımlar atılmalıdır. İllər itirilib!
Bu illər ərzində təşkilatı məsələlərdən tutmuş, uşaq futboluna, infrastruktura kimi ekspertlər, funksionerlər, məşqçilər, komanda, media nümayəndələri, azarkeşlər tərəfindən Azərbaycan futboluna xeyir verə biləcək kifayət qədər təkliflər irəli sürülüb. Təəssüf ki, AFFA-nın keçmiş ideoloqları məqsədli olaraq öz bildiklərini edib, təqdim edilən layihələrə dırnaqarası yanaşıb. Bu kimi hallara son qoyulmalıdır!
Yaradılan şəraitə baxmayaraq, illərdi cavabdehlərin etinasızlığı, futbolda monopoliyanın yaradılması, dövlətin ayırdığı maliyyədən düzgün istifadə olunmaması, ən yaxşı halda israfçılıq, Azərbaycan futbolunu çökdürüb. Tənqidlər və çıxış yolları əsasən, bu istiqamətdə aparılmalıdır. Çətin görünsə də, bunun üçün futbol ictimaiyyətinin bir olması məqsədəuyğundur. Qarşıdurmalar, emosiyalar ancaq futbolu dağıdanlara sərfəlidir...
Ölkə futbolunun potensialı yetərincədir!
Son günlər özümlə bağlı müxtəlif xəbərlər paylaşılır, rəsmi təkliflərin olduğu deyilir. Sırf hakimlik sektoruna gəldikdə, mənim bu mövzuda düşüncələrimi keçmiş və indiki federasiya rəhbərliyi, həmkarlarım, bir çox jurnalistlər bilir/məlumatlıdır. Beynəlxalq dərəcəli hakim kimi adımın bu sahə ilə hallanması başadüşüləndir. Universiallıqla yanaşı, verilişdə qeyd etdiyim kimi, son 15-20 il ərzində peşəkar fəaliyyətim əsasən uşaq futbolu layihələri və klub funksionerliyi, futbol qanunlarının daha mükəmməl öyrənilməsi, ölkə və dünya futbolunun araşdırılması, təhlillərlə bağlıdır. Qeyd olunan sahə yerli mütəxəssislərdən birinə həvalə edilərsə, hakimlik adına köməyə ehtiyac duyularsa, yardım etməyə hər zaman hazırıq...
Nəzərinizə çatdırım ki, bu günə kimi yeni AFFA rəhbərliyi tərəfindən bəndənizə hər hansı bir konkret təklif irəli sürülməyib.
Bu illər ərzində federasiya/müxtəlif futbol/idman təşkilatları tərəfindən real addımlar atılıb, təkliflər edilib, müəyyən məqamlara görə anlaşmamışam.
Qəti mövqeyi olan, iş prinsiplərinə sadiq qalan insanlar üçün vəzifədən daha çox, ideyaların həyata keçirilməsi, futbol naminə işbirliyinin olması, inkişafın təmin olunması daha vacibdir. Hər hansı bir səlahiyyətin olması, ancaq köməkçi faktordur...
Önəmli olan Azərbaycan futbolunun dirçəlməsi, layiq olduğu yerlərə çatmasıdır. Hər zaman vurğuladığım kimi - dəyər verən insanlar/oğullar var olsun! Hər birinizə öz dərin təşəkkürümü bildirirəm!
Tahir Süleymanov
FİFA dərəcəli keçmiş futbol hakimi