"Bizi B Liqasında daha çətin rəqiblər, çətin oyunlar gözləyir"
“Əvvəlki oyunda qrup liderliyini təmin etmişdik. Kipr millisi ilə qarşılaşmadan sonra futbolçuları oyuna kökləmək bir qədər çətin idi".
Mediasport.az xəbər verir ki, bu sözləri futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının C Liqasının qrup mərhələsinin Farer adaları yığması ilə oyunundan sonra deyib.
38 yaşlı mütəxəssis 1:0 hesablı qələbəni şərh edib:
"Rəqibin də ötən matç böyükhesablı məğlub olması bizimlə oyuna daha ciddi yanaşmasına səbəb olmuşdu. Belə demək mümkünsə, daha çox müdafiə olunaraq əks-hücumlarda qol vurmağa çalışırdı. İlk hissə bizim üçün çətin oldu. Baxmayaraq ki, qol vurmaq üçün bir neçə imkanımız vardı. Fasilədən sonra istədiyimiz oyun planını qurub qələbə qolunu vura bildik. Qrupda 5 qələbə qazanıb, 1 heç-heçə etdik. Əldə olunan nəticələrə görə komandanın hər bir üzvünə təşəkkür edirəm. Bu uğurlu nəticənin davamını gətirməyə çalışacağıq. Bizi B Liqasında daha çətin rəqiblər, daha çətin oyunlar gözləyir. B Liqasındakı oyunlara da ciddi yanaşıb maksimum nəticə qazanmaq istəyirik”.
Qeyd edək ki, komandamız qrupu 16 xalla lider başa vuraraq Millətlər Liqasının B Divizionuna vəsiqə qazanıb.