"Fənərbağça"nın baş məşqçisi Dadaşovun adını xüsusi vurğulayıb
Türkiyə Superliqasının lideri "Fənərbağça" oktyabrın 22-də 9-cu tur çərçivəsində "Hatayspor"u qəbul edəcək.
Mediasport.az xəbər verir ki, bütün turnirlər daxil son 17 oyunun hamısında qələbə qazanan İstanbul təmsilçisinin baş məşqçisi İsmayıl Qartal görüşlə bağlı danışıb, maraqlı açıqlaması ilə diqqəti çəkib.
Hatay təmsilçisinin təhlükəli futbolçularının adlarını çəkən 62 yaşlı mütəxəssis Azərbaycan yığmasının forvardı Renat Dadaşovu da xüsusi qeyd edib. Qartal bildirib ki, Fiyaso Dele-Başiru və Riqoberto Rivasla bərabər 24 yaşlı hücumçumuz da onlar üçün ciddi təhlükə sayılır.
Çalışdırıcı deyib ki, komandası bu futbolçulara ciddi nəzarət edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, aktivində 14 xal olan "Hatayspor" "Fənərbağça"dan 10 xal geri qalmaqla 5-ci pillədə qərarlaşıb.