"Tallindəki 4 gün bizim üçün bundan yaxşı keçə bilməzdi"
Gənc cüdoçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Elxan Məmmədov Estoniyanın paytaxtı Tallində keçirilən yarışla bağlı Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlama verib.
Mediasport.az xəbər verir ki, mütəxəssis fərdi mübarizələrdə və komanda hesabında mübarizə aparan cüdoçuların Olimpiada üçün potensiala sahib olduqlarını söyləyib:
"Bu nəsil mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (-73 kq.) də qaliblər sırasındaydı. Onun o zamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris Olimpiya yığmasında idi. İnanıram ki, bu nəsil Los-Anceles-2028 üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun Olimpiada üçün potensialı var".
Məmmədov Estoniyada olduqları müddəti müsbət dəyərləndirib:
"Tallindəki dörd gün bizim üçün bundan yaxşı keçə bilməzdi. Biz doqquzuncu medalımıza, beşinci qızıla inandıq. Həlledici görüş üçün püşkatma zamanı qadınların -57 kq. çəki dərəcəsi çıxdığında belə. Fidana dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan!"
Yığmanın çalışdırıcısı oktyabrda Düşənbədə keçiriləcək gənclər arasında dünya çempionatından gözləntilərini bölüşüb:
"Cüdoda bunu demək çətindir. Rəqabət əlbəttə ki, daha da güclüdür və işlər həmişə bu dörd gündə olduğu kimi mükəmməl getməyə bilər. Amma medal cədvəlində bir nömrə olmaq ən azı Düşənbə üçün də hədəfimizdir".