"Kostya dayı"nın 100 illik yubileyi məzarı başında qeyd edilib
Bu gün ölkəmizdə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olan Konstantin Abramenkonun anadan olmasından 100 il ötür.
Mediasport.az xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işçisi 82 yaşına kimi Gəncədə özünün qurub-yaratdığı “Lokomotiv” klubunun meydançasında neçə-neçə gəncin futbolçu kimi yetişməsində böyük əmək sərf edib.
Konstantin Abramenkonun 100 illik yubileyi ilə bağlı “Kəpəz” klubunun nəzdində fəaliyyət göstərən futbol akademiyasının rəhbərliyi, məşqçiləri və oyunçuları, eləcə də əsas və əvəzedici komandaların məşqçi və futbolçu heyəti məşqçinin məzarını ziyarət edib.
Klubun İdarə Heyətinin iştirakı ilə Gəncədəki Fəxri Xiyabanda Abramenkonun yenilənən məzar daşı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Yetirmələri “Kostya dayı” ilə bağlı xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar. Konstantin Abramenkonun dövrünün bacarıqlı, zəhmətkeş məşqçisi olduğu bildirilib.
Digər çıxış edənlər onun Azərbaycan futboluna 10-larla güclü oyunçu bəxş etdiyini vurğulayıblar. Abramenkonun qoyduğu ənənənin akademiyada davam etdirilməsinin vacibliyi qeyd edilib.