Göyçayda qəhrəman Varis Məcidova həsr edilmiş şahmat turniri keçirilib
İyunun 21-də Göyçay şəhərində qəhrəman Varis Məcidovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatdırılıb.
MediaSport.az xəbər verir ki, 4 gün davam edən yarışda 12 yaş qrupu üzrə 106 şahmatçı mübarizə aparıb. İyunun 17-də şəhər şahmat məktəbində turnirin təntənəli açılışı mərasimi təşkil edilib.
Vaxtilə Rusiyada Azərbaycan Respublikası diasporunun aktiv üzvü, Birinci Qarabağ Savaşının fəallarından, Azərbaycan hüquq-mühafizə orqanlarının tanınmış nümayəndələrindən biri olmuş polis polkovniki Məcidov Varis Məhərrəm oğluna həsr edilmiş kitabın təqdimatı keçirilib.
Tədbirdə Göyçay şəhər İcra Hakimiyyətinin rəhbərliyi və digər rəsmi şəxslər iştirak ediblər.
4 gün ərzində məktəblilərin böyük maraq və həvəslə iştirak etdikləri turnirin yuxarı yaş qrupunda Murad Şıxəlizadə, Murad Hacılı və Mallı Şıxlı kəndinin komandası kuboku qazanıblar. 36 şahmatçı isə ilk 3 yeri tutaraq medal və diplomlarla təltif olunublar. Qəhrəman Varis Məcidovun xatirəsinə həsr edilmiş turnirin hər il keçiriləməsi nəzərdə tutulub.
Əfsanəvi Varis Məcidov 1954-cü ildə Göyçay şəhərində anadan olub. İlk hərbi xidmətini keçdiyi Rusiyanın Ulyanovsk şəhərində milis məktəbini bitirəndən sonra hüquq-mühafizə orqanlarında fəaliyyətə başlayıb və kapitan rütbəsinədək yüksəlib. Həmin illərdə Varis Məcidovun adı ötən əsrin sonlarında Sovet rəhbərliyi tərəfindən həbs olunaraq Rusiyanın ucqar bölgələrinə aparılan və ən ağır maddələrlə cinayət işi açılan bir qrup soydaşımızın xilas olunması olayı ilə daha çox şöhrət tapıb.
Qəhrəmanın qardaşları və özünün o dövr Azərbaycanda baş vermiş qanlı 20 Yanvar faciəsini böyük təhlükə altında lentə alan Azərbaycan Respublikasının Xalq artisti, görkəmli kinorejissor Vasif Babayevin, telejurnalistlər Rafiq Savalanın, Azər Zamanlının, sovet hərbi gəmilərini mühasirəyə alaraq həlak olmuş həmvətənlərimizin cəsədlərinin dənizə atılmasının qarşısını almış, Bakı qırğınları haqqında dünyanı məlumatlandıran 20 nəfər gəmi kapitanının, Lənkəran şəhərindən 16 nəfər Milli Azadlıq Hərəkatı öncüllərinin də olduğu və Ulyanovsk təcridxanasında saxlanılan 46 nəfərlik böyük bir qrupun ən müxtəlif vasitələrlə azad edilib xüsusi təyyarə ilə vətənə yola salınmasında böyük xidmətləri olub.
Məhz bu hadisədən sonra çoxsaylı təzyiq və təhdidlərlə üzləşən Varis Məcidov 1992 ildə Bakıda məzuniyyətdə olarkən Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinə etdiyi müraciət əsasında işlə təmin olunub. Birinci Qarabağ savaşında iştirak etmiş Varis Məcidov sonralar polis orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb və bu sahədə yüksək peşəkarlıq göstərərək polkovnik rütbəsinədək yüksəlib. Mərhum 2005-ci ildə avtomobil qəzasında həlak olub.