Hacı Əliyev mübarizəyə başlayır, 3 güləşçimizin medal görüşü olacaq
Serbiyada keçirilən güləş üzrə dünya çempionatı davam etdirilir.
Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi Belqradda təşkil olunmuş mundialda mübarizəyə başlayacaq.
65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.
97 kq-da Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Strahinya Despiçin müqavimətini qırmağa çalışacaq.
Qadın güləşçilərdən isə Alyona Kolesnik xalça üzərinə çıxacaq. 59 kq-da yer alan idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.
Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. 74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.