5 milli üzvündən yalnız Mariya Stadnik yarımfinala yüksəldi
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Mediasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 5 qadın güləşçisi mübarizəyə qoşulub.
"Paris-2024"ə hələ vəsiqə qazanmayan qadın millimiz son şansdan maksimum istifadə edə bilməyib.
Yalnız dünya qadın güləşinin əfsanələrindən Mariya Stadnik yarımfinala vəsiqə qazanıb.
50 kq çəkidə mübarizə aparan 4-qat olimpiada medalçısı 1/8 və 1/4 final görüşlərini tam üstünlüklə keçirərək rəqiblərinə heç bir şans verməyib.
O, Fransa paytaxtına vəsiqə uğrunda görüşdə KXDR təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq.
53 kq-da Gültəkin Şirinova, 57 kq-da Alyona Kolesnik və 68 kq-da Elis Manolova təsnifat mərhələsindəcə mübarizəni erkən dayandırıb.
Raundu yalnız 62 kq-da təmsilçimiz Ruzanna Məmmədova keçə bilib, lakin gənc güləşçimiz 1/8 finalda Çin idmançısına məğlub olub.
3 təmsilçimiz rəqiblərinin çıxışlarından asılı olaraq, lisenziya şansını saxlayır.
Qeyd edək ki, yarışda hər çəkidə ilk 3 yeri tutan güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.
Turnirin ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) “Paris-2024”də vəsiqə tapşırığının öhdəsindən gəliblər.