Qadın güləşi üzrə yığmamız Avropa çempionatında 4-cü yeri tutub

Qadın güləşi üzrə yığmamız Avropa çempionatında 4-cü yeri tutub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında qadınların mübarizəsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, turnirə 5 idmançı ilə yollanan Azərbaycan yığması qitə birinciliyini 3 medalla başa vurub.

Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) çempion olublar, Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Jalə Əliyeva (57 kq) ilə Birgül Soltanova (62 kq) uğursuz çıxış ediblər.

Beləliklə, 10 çəkidən 5-də təmsil olunan millimiz 3 medalla 83 xal toplayıb və komanda hesabında 4-cü yeri tutub. Semyon Şterevin rəhbərlik etdiyi kollektiv Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalıb.

Baş məşqçi Şterevlə yanaşı, böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi ilə Buxarestə yollanan qadın güləşçilərimiz Avropa çempionatlarında medalların əyarına görə son 10 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıblar.