"Hamı toplanışda olanda biz 12 nəfərlə Bakıda məşq edirdik"
“Gərgin oyun oldu. Əbəs yerə deyil ki, "Zirə" bu mövsüm liderdir. Biz bu görüşdə uduza da bilərdik. Amma şükürlər olsun ki, sona qədər mübarizə apardıq, səbirlə müdafiə olunduq və istədiyimiz qolu vurub üç xalı qazana bildik”.
Mediasport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə” üzərində 1:0 hesablı qələbə haqda danışıb: "Bəlkə də hər gün futbolçularla fərdi və kollektiv şəkildə danışırıq. Geridə qalan 8 tur ərzində yalnız “Sumqayıt”la ilk 45 dəqiqədə bir az zəif oynadıq. Demək olar ki, ilk yarını rəqibə uduzmuşduq. Qalan matçlarda yaxşı idik. "Qarabağ"a qarşı çox yaxşı oynadıq, "Neftçi" ilə matçda qalib gəldik. Şükürlər olsun ki, futbolçularımız eyforiyaya qapılmayıb".
Bağırov “Araz-Naxçıvan” mövsümöncəsi hazırlıq dövrü keçməməsi, üstəlik ən gec yığılan komanda olması fikrinə belə münasibət bildirib: "Bunlar artıq geridə qalıb. Biz bəhanə gətirməyi heç vaxt sevməmişik. Hamı toplanışda olanda biz hələ 12 nəfərlə Bakıda məşq edirdik. Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır. Günlərimiz olub ki, 2-3 saat yatmışıq. Yəni, əvvəl itirdiyimiz vaxtı kompensasiya etmişik. Bu gün qalib gəlsək də, yenə işimiz çoxdur".