"Hazırlıq üçün yetərli vaxtımız yox idi, müdafiədə səhv buraxdıq" - ALESİO
"Bu matç FİFA-nın oyun qrafiki ilə üst-üstə düşmədiyi üçün tam hazırlıq keçməyə vaxtımız olmadı. Buna baxmayaraq, maksimum nəticə qazanmağa çalışdıq".
Bu sözləri mediasport.az saytına açıqlamasında futzal millimizin baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis DÇ-2024-ün əsas qrup mərhələsinin Yunanıstan yığması ilə dünən Bakıda keçirilmiş görüşündən sonra verdiyi açıqlamada vaxt azlığından giley edib:
- Bu komandaya səfərdə 7:0 hesabı ilə qalib gəlsək də, hesab edirəm ki, evdə yunanlardan 2 top buraxmağımızın səbəbləri var. Həm hazırlıq üçün yetərli vaxtımız olmadı, həm daha çox futzalçıya şans verməyə çalışdım, həm də daha çox qol vurmaq üçün xeyli imkan əldə etsək də, yararlana bilmədik. Müdafiədə Hadinin səhvindən qol buraxdıq. Ümumən, nəticədən razıyam. Elit-raunda vəsiqə qazandıq. Xətai Bağırovun zədəsinə gəlincə, epizodu tam olaraq görə bilmədim. Dəqiq bir söz deyə bilmərəm.
Alesio deyib ki, qrupu lider kimi başa vurmağa çalışacaqlar: "Artıq elit-raunda çıxdığımız üçün qrupun son - Polşa ilə matçının əhəmiyyəti bir qədər azaldı, lakin bizim üçün fərqi yoxdur. Çalışacağıq qrupu ilk pilədə tamamlayaq".
Milli komandamız Yunanıstan yığmasına 5:2 hesabı ilə qalib gələrək qrupun son oyunun nəticəsindən asılı olmayaraq, elit-raundda oynamaq imkanı qazanıb.