"Dünya Kubokunda heç-heçələrlə növbəti mərhələyə çıxmaq olmur"
"Ən yaxşı oyunumu göstərməyə çalışacağam. Rəqibim vitse-dünya çempionudur".
mediasport.az xəbər verir ki, bu sözləri Dünya Kubokunda üçüncü mərhələyə vəsiqə qazanan azərbaycanlı şahmatçı Rauf Məmmədov tay-brekdəki qələbəsi barədə qurumun mətbuat xidmətinə məlumat verib.
R.Məmmədov qeyd edib ki, tay-brekdən öncə gecəni çox pis yatdığıma görə oyun çətin keçdi: “Dünya Kubokunun yeni qaydalarında armageddon yoxdu. Bu, çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana çox sağ ol demək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var”.
Üçqat Avropa çempionu üçüncü mərhələdə qarşılaşacağı rəqibi FIDE təmsilçisi Yan Nepomnyaşi barədə fikirlərini bildirib: “Növbəti oyuna hazırlaşmaqdan çox rahat dincəlməyi düşünürəm. Rəqibim Yan Nepomnyaşi kifayət qədər güclü şahmatçıdır. Çalışacağam ən yaxşı oyunumu göstərim”.
Azərbaycanlı şahmatçı komanda yoldaşı Şəhriyar Məmmədyarovun Dünya Kuboku ilə erkən vidalaşmasını bəxtsizliklə əlaqələndirib: “Şəhriyar kimi şahmatçının erkən mərhələdə mübarizəni dayandırması mənə görə bəxtsizlikdi. Digər tərəfdən etiraf etmək lazımdır ki, şahmatın səviyyəsi çox qalxıb. Hazırda 2300 reytinqi olan şahmatçını məğlub etmək asan deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdı. Məncə, sinqapurlu Tin Jinqao 2700 reytinqli şahmatçı olacaq, uğurları qarşıdadır”.