"Hər kəs öz işi ilə məşğul olsa, daha gözəl olar" - MÜSAHİBƏ

"Hər kəs öz işi ilə məşğul olsa, daha gözəl olar" - MÜSAHİBƏ

"Kəpəz"in futbolçusu Elnur Cəfərov Mediasport.az saytına müsahibə verib.


Son turda "Sabah"a məğlubiyyət haqda nə deyə bilərsən?

 - Komandamız yaxşı oynadı. Qol epizodlarına rəqibdən əvvəl girdik. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Futbolun yazılmamış qanunu - vurmayana vurarlar prinsipi işə düşdü və uduzduq.

Yeni baş məşqçinin gəlişi komandada nəyi dəyişib?

- Adil Şükürovun gəlişi komandada yeni ruh oyadıb. Bütün futbolçular özünü məşqçiyə göstərmək üçün əlindən gələni edirlər.

"Kəpəz"də əsas problemlərdən biri adətən meydandan kənarda baş verən olaylardır. Bu, komandaya necə təsir göstərir?

- Desəm ki, bunlar komandaya təsir etmir, yalan olar. Biz təcrübəli futbolçularıq, işimiz meydançadadır. Belə işlərə baş qoşmuruq. Hər kəs öz işi ilə məşğul olsa, daha gözəl olar.

“Kəpəz”ə Premyer Liqada autsayder gözü ilə baxılır. Səncə, qarşıdakı dönəmdə komanda daha yaxşı nəticələr göstərə biləcək?

- Hazırda turnir cədvəlinə baxanda, təbii ki, autsayder sayılırıq. Güclü komandalara qarşı yaxşı oynamışıq, xal qazanmışıq. Sadəcə, bəxtsizliyimiz çox rol oynadı. Heç nədən buraxdığımız qollar bizə baha başa gəldi. Komanda çox xal itirdi. Daha yaxşı nəticələr verəcəyimizə inanıram. "Kəpəz"i adına layiq yerə qaldıracağıq.

Nəticələrdə Gəncədən kənarda oynamağınızın da rolu var?

- Təbii ki, var. Təbii otda məşq edib, süni meydançada oyuna çıxırıq. Bu, oynamağımızda çətinlik yaradır. Zaman keçdikcə buna öyrəşirik. Bizim kimi rəqib komandalar da süni meydanaçada oynamağa çətinlik çəkirlər. Doğma meydanda oynayırıqsa, üstünlüyümüz olmalıdır. Bu üstünlük təkcə azarkeşlərdir, gəlib bizi dəstəkləyirlər. 

Növbəti turda “Qəbələ”nin qonağı olacaqsız. Bu matçdan nə gözləyirsən?

- Rəqibin kimliyindən asılı olmayaraq, 3 xalı almalı, xallar yığmalıyıq. İnşallah, bütün bunlar həyata keçər.