Ümumilli Lider Heydər Əliyevin yubileyi münasibətilə Bakıda beynəlxalq konfrans keçirilib
Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İdman elmlərinin inkişafında müasir tendensiyalar" mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
Mediasport.az xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, parlamentin Gənclər və idman komitəsinin üzvü Ülvi Quliyev çıxış ediblər, tədbirin ölkəmizdə təşkilinin əhəmiyyətli olduğunu vurğulayıblar.
Mühüm əhəmiyyət kəsb edən konfransda Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və təşkilatın əməkdaşları da iştirak ediblər.
Konfransa respublikamızın bədən tərbiyəsi və idman sahəsindəki mütəxəssisləri ilə yanaşı, digər xarici ölkələrin ali məktəblərinin ASAPES-in tədris prosesinə cəlb edilmiş professor heyəti də qatılıb.
Konfransda idman psixologiyası, tibbi, menecmenti və hüququ kimi istiqamətlər üzrə aktual mövzularda məruzələr olunub, idman elminin müxtəlif sahələrini əhatə edən praktiki təqdimatlar edilib.