"Zirə"yə qalib gələn qırğızlar çempion oldular, Sadıqov kubok verdi - FOTO
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinəyekun vurulub.
MediaSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda iştirak edib.
"ASCO Arena"da keçirilən üçüncü yer uğrunda qarşılaşmada “Neftçi” “Səbail” komandasına 2:1 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb.
Final oyununda "Zirə" və Qırğızıstanın “İlbirs” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “İlbirs” 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
Turnirin ən yaxşı oyunçusu Kayrat Kanatov ("İlbirs"), bombardiri Murad Cabbarov ("Sumqayıt", 7 qol), ən yaxşı qapıçısı isə Xəqan Şükürov ("Zirə") seçiliblər.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin (KOBİA) sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.
Qeyd edək ki, turnirdə "Qarabağ" və "Sabah"ın müvafiq komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın 14 yaşlılardan ibarət “Paxtakor” komandaları da mübarizə aparıblar.