İki qadın güləşçimiz Avropa çempionatında yarımfinala çıxıb, Rafiq Hüseynov medalsız qalıb
Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala çıxıb.
Mediasport.az xəbər verir ki, Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) finala gedən yolda müvafiq olaraq, ukraynalı Oksana Livaç və polşalı Gil Patrisiya ilə qarşılaşacaqlar.
9-qat Avropa çempionumuz 1/4 finalda Milana Dadaşovaya (neytral) 11:0 hesabı ilə qalib gəlib, Kolesnikova rumıniyalı Katerina Jidaçevskayadan tuşla üstün olub.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kiloqram) isə təsəlliverici görüşdə gürcüstanlı Gela Bolkvadzeyə 0:9 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub.
Bu gün Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar.
Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.