"İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə Naxçıvan təmsilçisinə 1:2 hesablı məğlubiyyəti şərh edib.
- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox da istəkli idilər. Futbolçularımın oyuna ilk dəqiqələrdən yanaşmasından narazı qaldım. Amma belə oyunlar, nəticələr bu arada gözləniləndir. Başqa sözüm yoxdu, qarşıdakı oyunlara hazırlaşacağıq
Demək olar ki, komanda oyuna tam hazır deyildi?
- Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb.
Buraxılan qolları necə şərh edərdiz?
- Texniki səhvdir. Qol olmayası yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək, dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Hakimlər diqqətli olmalıdır. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil.
"Qarabağ"ın Xankəndidə oyunlar keçirəcəyi deyilir. Bu, cari mövsümdə nə dərəcədə realdır?
- Bu, mənə aid olmayan sualdır. Çünki, dövlət səviyyəsində verilməli olan qərardır. Əgər belə qərar verilsə, biz orada oynamağa hazırıq.
"Qarabağ" son illərdə mövsümə belə uğursuz start verməyib. Bu, nə ilə bağlıdır?
- Məğlub oluruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar.
Adama Diakabi çox istəkli və hazırlıqlı görünürdü. Onu Avropa Liqasının qarşıdakı oyunları üçün UEFA-da sifariş ərizəsinə daxil etmək mümkündür?
- UEFA-da limit bağlanıb. Yanvar ayına kimi heç bir oyunçunu siyahıya əlavə edə bilmərik.