"İkinci hissədə yaxşı oynasaq da, yekun nəticə bizi çox narahat edir"
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 12-ci turunun "Zirə" ilə oyunundan sonra (0:2) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı öncə matçla bağlı fikirlərini bölüşüb:
"Güclü rəqibə qarşı oynadıq. "Zirə" avrokubokların pley-off mərhələsində iştirak edib. Onlara qarşı oynamaq çətindir. Matça pis başlamadıq. İlk dəqiqələrdə epizodları dəyərləndirə bilmirik. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Rəqib bir səhvimizdən istifadə edib qol vurdu. İkinci hissədə yaxşı oynasaq da, yekun nəticə bizi çox narahat edir. Çempionatın ilk dövrəsini yaxşı keçirdik. Zədələr, itkilər bizə təsir edir. Bunları bilirdik, ruhdan düşmək olmaz. Mübarizə sona qədər gedəcək. Qışa qədər daha çox xal yığmaq lazımdır".
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Vasiliye Radenoviç nə vaxt sıraya qayıdacaq?
Müdafiə xəttində məcburiyyətdən çox dəyişiklik etmişik. 4 oyundur tam heyətlə oynaya bilmirik. Vasiliye müalicə olunur. Milli fasilədən sonra sıraya dönə bilər. Heyətin geniş olmaması oyununuza təsir edir.
Noyabr ayı sizin üçün həlledici ola bilər?
- Çempionatda 10 komanda var, təqvim önəmlidir. "Neftçi" ilə oyundan sonra fasilə olacaq. Fasilədən sonra kritik oyunlar bizi gözləyir. Bizdən də üstün komandalar var ki, 4 oyundur qalib gələ bilmir.
Qışda transferlər etməyi planlaşdırırsız?
- Əlbəttə, düşünürük. İkinci imkan önəmlidir. Güclənməyimizə ehtiyac var. Bəzi mövqelərdə rəqabət və alternativ yaratmaq lazımdır. Rəqiblərimiz hər gün dayanmır. Rəqabət var, təslim olmurlar. "Kəpəz" məşqçisi dəyişikliyindən sonra 7 transfer edib. Bunlar bizim üçün siqnaldır.