AFFA Azərbaycan klubunu bütün yarışlardan KƏNARLAŞDIRDI
"İcraiyyə Komitəsinin qərarına əsasən "İrəvan" komandası AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Əsas səbəblər qeyri-sabitlik və maliyyə, həmçinin danışılmış oyunlarla bağlı olan ciddi problemlərdir".
Mediasport.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Hacıyev qərarın bu yöndə verilməsinə dair səbəbləri belə izah edib:
"Bir neçə ay öncə "İrəvan" klubunun 8 futbolçusunun danışılmış oyunlarla əlaqədar adları çəkilmişdi. Bu cür ciddi neqativ hallar nəzərə alınaraq belə qərar qəbul olundu. "İrəvan"ı hansı komandanın əvəzləyəcəyi ilə bağlı Peşəkar Futbol Liqası ilə danışıqlar aparılacaq və ictimaiyyətə açıqlama veriləcək".