"İnanıram ki, Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupuna aparacaq" - Tahir Gözəl
"Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq".
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Ağdam klubunun rəhbəri Azərbaycan Kubokunun "Zirə" ilə final matçından sonra təəssüratlarını bölüşüb.
O, Madrid "Real"ının Çempionlar Liqasının qalibi olması ilə "Qarabağ"ın yarışa II mərhələdən başlayacağı haqda isə bunları qeyd edib:
"Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər bir azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.
Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişsə də, sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupuna aparacaq".