Qurbanov: "Bu oyunun "Hekken"lə matçla heç bir əlaqəsi yoxdur"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunun "Sumqayıt"la matçından sonra (6:1) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb:
"Futbolçularımı təbrik edirəm. Çox dinamik oyunla yaxşı qələbə əldə edildi. Bizi məcbur edən "Sumqayıt" oldu. İlk dəqiqələrdən yaxşı pressinq etdilər. İstər-istəməz oyunun tempi daha yuxarı oldu. "Sumqayıt"a təşəkkür edirəm. Çox istəyərdik ki, 90 dəqiqədəki oyundan çıxmayaq. Amma məqamlar oldu ki, bəzən öz oyunumuzdan aralandıq. Tam qoruyub-saxlaya bilmədik. Əlbəttə ki, bunu bəzən rəqib məcbur edir. Ancaq hər halda, oyun intizamını qoruyub-saxlamağa çalışmalıyıq. "Sumqayıt"ın son vaxtlar yaxşı oyunu və nəticələri var idi. Bu gün problemləri həddən artıq çox idi. Bir neçə zədəli futbolçusu var idi. Zədəlilər də meydana çıxmışdı. İstər-istəməz çətinlikləri var idi. Amma azarkeşlər üçün baxımlı oyun alındı. Həm "Sumqayıt", həm də öz azarkeşlərimizə təşəkkür edirəm. Rəqib komandaya uğurlar arzu edirəm".
51 yaşlı baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ" "Sumqayıt"la matça sanki xüsusi motivasiyada çıxır. İlk dövrədə 5:0, bu gün 6:1. Bunun xüsusi əhəmiyyəti var, yoxsa oyunun axarı sonda bu hesabı ortaya çıxarır?
- Biz hər oyuna belə motivasiya ilə çıxırıq. Sadəcə bəzən istədiyimiz kimi alınır, bəzən alınmır. Ancaq xüsusi nəsə fikir bildirə bilmərəm. "Sumqayıt"la oyuna bu cür motivasiya ilə çıxmağımızı onlar özü məcbur edir. Öz oyunu və yaxşı mənada davranışı ilə. Onlar dinamik futbol oynayır, bizdən də qarşılığını verməyə çalışırıq. Günahkar "Sumqayıt"ın özüdür (gülür). Amma bu, yaxşı haldır. Bu cür nəticə verən komandaya qarşı çox diqqətli olmalıyıq. İnanın ki, bütün komandalara qarşı bu cür ciddi hazırlaşırıq. Sadəcə, bəzi rəqiblər bu tempi saxlamağa şərait yaratmır. "Sumqayıt" bu il göstərdiyi futboldan əl çəkmədi. Hesab 3:0, 4:1 olanda da, "Sumqayıt" öz oyunundan əl çəkmədi. Bu ancaq sevindirici haldır.
- "Qarabağ" meydanda çox rahat görünürdü. Avropa Liqasının "Hekken"lə görüşöncəsi hansısa eksperiment aparmaq haqda düşündüz? Belə niyyət var idi?
- Çox rahat olduğunu deməzdim. Hesab 3:0 olanda belə, komandada gərginlik var idi. Səhvlər gərginlikdən irəli gəlir, rahatlıqdan yox. Futbolçular bəzi epizodlarda həyəcanlı olurdular. Bunu rəqib məcbur edirdi. Amma bu oyunla "Hekken"lə matçın heç bir əlaqəsi yoxdur. Çünki çempionat başqa turnirdir, Avropa Liqası başqası. Beş gün vaxtımız olacaq ki, "Hekken"i futbolçularımıza daha yaxından tanıdaq və proqram üzrə oyuna hazırlaşaq.
- Marko Veşoviçin durumu nə yerdədir?
- Ümidvaram ki, ciddi zədə olmaz. Sadəcə əzələsində gərginlik hiss etdi. Ona görə belə addım atdı, dərhal həkimlərə bildirdi. Nəsə hiss edibsə, ola bilər ki, hansısa problem olsun. Ancaq nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. Ümidvaram ki, ciddi bir şey olmaz. Sabah tam bilinəcək.
- Yerli bazarı analiz edirsiz və Azərbaycan Premyer Liqasından gözaltı etdiyiniz oyunçu var? Elə bu qış...
- Var. Yerli futbolçularla çox ciddi maraqlanırıq. Onların oyunlarını ilboyu izləyirik. Hansı futbolçunun potensialı nə qədərdir, potensialını nə qədər üzə çıxara bilib, bunun üzərində işləyirik. Bəzi futbolçular var, maraqlanmışıq. Amma onların öz klubları var. Az da olsa, danışıq etdiyimiz oyunçular olub. Amma klubları razılıq verməyib. Ona görə hazırda alınmayıb. Lakin çox istəyərdik ki, qışda və ya yayda 1-2 yerli futbolçu transfer edək.
- Həmin kluba transfer məbləği ödəməyə hazır olmusuz?
- O həddə gəlib çıxmayıb. Bütün klublar, bir-birimizi hamı tanıyırıq. Bəzən hansısa futbolçunu istəyəndə, klub rəhbərliyindən bildirirlər ki, özümüzə də lazımdır. Ona görə biz də çox üzərilərinə gedə bilmirik. Bizdən də yerli futbolçu istəyənlər olub, biz də bildirmişik ki, özümüzə lazımdır. Yəqin, danışıqlar yavaş-yavaş o səviyyəyə gəlib çıxacaq ki, maddiyyat burada böyük rol oynayacaq. Çox istəyərəm ki, öz bazarımızda dəb halına düşsün. Futbolçunu icarəyə götürəndə də, ödəniş olsun. Klub bu cür inkişaf edir. Çox da arxayınlıq olmasın. Transfer edəndə də hansısa məbləğ ödənilməlidir ki, həm rəhbərlər, həm futbolçular bunu bilsinlər. Ki, gələcək transferlər əldə etmək bunun üzərindədir.
- "Qəbələ"nin futbolçusu Emil Səfərovun xidmətində maraqlısız?
- İsrarlı olduğumu deməzdim. Amma maraqlandığım futbolçulardan biridir. Lakin ciddi əldə etmək üçün heç bir danışıq olmayıb. Sadəcə, ola bilər ki, bütün yerli, perspektivli futbolçulara baxırıq. Təcrübəlilərə də həmçinin. Ola bilər hardasa danışmışam, demişəm ki, bu da maraqlıdır, digəri də. Lakin deyim ki, mütləq götürmək istəyirik, belə fikrimiz olmayıb.