"Kəpəz" bu komandanı himayəyə götürdü - Klubun xərcləri ödənilir
Bir neçə il əvvəl yaradılan “Kəpəz” amputant komandası futbol klubun tərkibində fəaliyyət göstərəcək.
MediaSport.az xəbər verir ki, klub rəhbərliyinin verdiyi qərar əsasında kollektiv himayəyə götürülüb.
Komanda geyim dəstləri, top və digər lazımi inventarla təmin olunub. Gəncə şəhər stadionunda futbolçuların hazırlıq keçməsi üçün imkan yaradılıb. Komandanın səfər oyunları üçün yol xərcləri də bir müddətdir futbol klubu tərəfindən qarşılanır.
Klubun İdarə Heyətinin sədri İlqar Nadiri və əsas komandanın baş məşqçisi Azər Məmmədov komanda üzvləri ilə görüşüb. Hazırlıq prosesi və gələcək planlarla maraqlanıblar. Kollektivə qarşıdakı yarışlarda uğurlar arzulanıb. Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının vacib məsələ olduğu və idmanın, futbolun bu işdə körpü rolunu oynadığı qeyd edilib.