Elmar Baxşıyev: "Kim deyərdi ki, evdə "Kəpəz"lə matçda xal itirəcəyik?"
"Qəbələ" Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə "Sabah" qarşısında hesabda üstünlük qazansa da, son dəqiqələrdə buraxdığı qolla məğlub oldu.
mediasport.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev görüş barədə danışarkən oyunun ağırlığına diqqət çəkib, "Sabah"ın iddialı kollektiv olduğunu bildirib:
- Rəqib iiddialıdır, çempionatımızın liderlərindən biridir. Ümumi götürəndə komandam meydanda yaxşı mübarizə apardı. Matçın dinamikası yüksək idi. Belə məğlubiyyət ağırdır. Amma hər məğlubiyyət bizi daha da güclü etməlidir.
Ardıcıl iki heç-heçədən sonra "Qəbələ" bu gün uduzsa da, yaxşı təsir bağışladı.
- "Qəbələ" xal itirəndə hərə bir cür yanaşır. Bəziləri komandanın içində nəsə baş verdiyini fikirləşir, bəziləri fiziki durumun aşağı olduğunu deyir. İnanın ki, həm komandada ab-hava, həm də fiziki durum yaxşıdır. Sadəcə, oyun oyundan fərqlidir. Futbolçular iddialı komandalara qarşı daha yüksək motivasiya ilə oynayırlar. Bu gün də ilk dəqiqələrdən hiss olunurdu. Mənim anlayışımda "qara zolaq" yoxdur. Analiz edib daha yaxşı olmağa çalışacağıq.
Məcburi əvəzləmələr etdiz, bunun oyuna təsiri necə oldu?
- Biz gördüyümüz epizodda təmas var. İndidən durumun necə olduğunu deyə bilmərik. Hakimliklə bağlı danışmaq istəyirəm. Mənim fikrimcə, Elvin Camalova ikinci sarı vərəqə verilməli idi. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. İlk matçda da penaltimiz verilməmişdi. Hücuma keçirdik. Oyunçunu əllə saxlayırsa, ikinci sarı vərəqədir. Matçın qırılma nöqtəsi həmin epizoddur.
Növbəti turda "Zirə" ilə, sonra isə "Neftçi" ilə qarşılaşacaqsız. Bu məğlubiyyətin həmin matçlara təsiri necə olacaq?
- "Qarabağ"a məğlub olduq, sonra "Şamaxı" və "Kəpəz"lə heç-heçə etdik. Həmin matçlar gərginlik yaratmayıb. Çalışırıq ki, komandanı gərginlikdən uzaq tutaq. Hər oyunun öz yanaşması var. Düşünmürəm ki, məğlubiyyətin növbəti qarşılaşmalara təsiri olsun. Kim deyərdi ki, evdə "Kəpəz"lə matçda xal itirəcəyik? Futboldur, hər şey olur. İnanıram ki, komanda düzgün reaksiya verib daha da yaxşı olacaq.