"Millidə çıxış edən futbolçuların bəziləri xalqa dəstək olmadı"
“Kəpəz”in üzvü Peyman Keşavarzi ölkəsi İran millisinin Dünya Kubokundakı şanslarını qiymətləndirib.
mediasport.az xəbər verir ki, 27 yaşlı müdafiəçi əvvəlcə vətənində baş verən olaylara münasibət bildirib.
O deyib ki, İranda yaşanan xoşagəlməz hadisələrə görə özü-ailəsi, həmvətənləri çox narahatdır:
- Açığı, indi Dünya çempionatına bir o qədər də maraq yoxdur. Çünki hamı son olaylara görə çox məyusdur. Ümid edirəm ki, tezliklə hər şey düzələr, insanlar yenidən xoşbəxt və istədikləri kimi həyatlarını yaşamağa davam edərlər. Millidə çıxış edən futbolçuların bəziləri xalqa dəstək oldu, amma bəziləri olmadı. Buna görə çox üzgünəm. Çünki xalq onlar udanda da, uduzanda da komandanın arxasında durub, dəstək verib.
Qaldı ki, yığmanın çıxışı ilə bağlı gözləntilərə, elə fikirləşirəm qrupdan çıxmaq olar. Bunun üçün əla imkan da var. İngiltərəni çıxsaq, Uels və ABŞ-a qalib gəlmək olar. Futbolçular qrupdan çıxa bilsələr, bunu bacarsalar, ölkənin bugünkü vəziyyətində insanlara çox böyük sevinc bəxş edərlər. Milli üzvləri də bunu düşünüb qazanacaqları qələbələrin ölkə üçün nə qədər vacib olduğunun fərqində olsalar, dediyim kimi, qrupdan çıxmaq mümkün olacaq. Şans var, rəqiblər eyni gücə malikdirlər. İngiltərədən başqa açıq favorit yoxdur. İran komandasına uğurlar arzu edirəm, inşallah, yaxşı nəticələr qazanıb azarkeşləri sevindirər”.