"Mövsümə pis başlamışdıq, gəncəli tərəfdarları yaxşı tanıyıram"
"Kəpəz" mövsümün ikinci yarısının hazırlıqlarını Gəncədə davam etdirir.
mediasport.az xəbər verir ki, "sarı-göylər"in futbolçuları Fərid Nəbiyev və Tural Axundov toplanışın gedişi barədə "Kəpəz" televiziyasına danışıblar. Onlar mövsümün ikinci yarısında azarkeşləri sevindirmək istədiklərini bildiriblər:
Fərid Nəbiyev: “Bir müdət sonra təlim-məşq toplanışı üçün Antalyaya yolanacağıq. Fiziki hazırlığa daha çox üstünlük verəcəyik. Antalyada yoldaşlıq görüşləri də keçiriləcək. Çempionat başlayandan sonra azarkeşləri sevindirmək istəyirik. Gəncəli tərəfdarlar çox çılğındır, hər oyun qələbə gözləyirlər. Oyunlarda stadiona yetərincə azarkeş gəlir, onları razı salmalıyıq”.
Tural Axundov: “Antalyada yaxşı hazırlıq keçib daha güclü çıxış etməliyik. Komandaya yeni futbolçular da qoşulacaq. Mövsümə pis başlamışdıq. İstəməzdik ki, azarkeşlərin önündə pis vəziyyətdə qalaq. Mən gəncəli tərəfdarları yaxşı tanıyıram, onlar sona qədər komandaya dəstək olurlar. Belə də davam etsinlər. Biz də onlar üçün mübarizə aparacağıq”.