Mənsimovun klub prezidentliyinə namizədliyini irəli sürdülər
"Beşiktaş"ın ən böyük azarkeş qrupları "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun adını klubun prezidentliyinə namizəd olaraq irəli sürüb.
Mediasport.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat paylaşıb.
O, fəaliyyətini dayandırmış "Xəzər Lənkəran"ın baş sponsorunun seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verməyib.
Fidan Quliyevanın paylaşımını olduğu kimi təqdim edirik:
"Türkiyənin ən köklü və ən böyük futbol klublarından biri olan "Beşiktaş" klubunun qarşıdan gələn klub prezidenti seçkilər həm azarkeşlər, həm də futbol dünyasında böyük maraq doğurur.
"Beşiktaş" geniş azarkeş kütləsinə sahibdir. Buna görə də klub başqanlığı yarışına dair müzakirələr və ehtimallar sosial mediada sürətlə yayılır.
"Twitter"də azarkeşlərin dəstək verdiyi namizədlər arasında azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun da adı çəkilir.
İş dünyasındakı təcrübəsi və idman yatırımları ilə məşhur olan M.Mənsimov azarkeşlər arasında xüsusi diqqət çəkir".