Müharibə iştirakçısı: "Onların fədakarlığı bizi məəttəl qoyurdu"
“Kəpəz”in həkimi Coşqun Abdullayev Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin, həmçinin Aprel döyüşlərinin və antiterror əməliyyatının iştirakçısıdır.
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı müharibə dövründə yaralı hərbi qulluqçularımızın sağlamlığının keşiyində durub.
Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.
Mediasport.az müharibə veteranının müsahibəsini təqdim edir.
Həkim, bu gün ölkəmizin tarixində böyük günlərdən biridir. Azərbaycan Zəfər Gününü qeyd edir. Dörd il öncə baş verənlərə qayıtmaq istərdik. Müharibə iştirakçısı, bir hərbçi həkim kimi həmin günləri necə xatırlayırsınız?
– İlk öncə bu qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. 44 günlük Vətən müharibəsi ölkəmizin tarixində ən şanlı səhifələrdən biridir. Uzun illər ərzində düşmən tapdağında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tərəfindən azad olundu. Qələbədə Silahlı Qüvvələrdə xidmət edən bir həkim, zabit kimi az da olsa payımız oldu. Ağrılı-acılı günlərdən keçmişik. Müharibə dövründə hospitalımızın heyəti ilə birgə ön xəttdə yaralılarımıza xidmət göstərmişik. Onların sağlamlığının keşiyində durmuşuq. Yaralıların qısa müddətdə döyüş meydanından çıxarılmasında, yenidən sağlam olaraq həyata qayıtmasında rol oynamışıq.
Prezident İlham Əliyev həmin günlərdə televiziya vasitəsilə xalqımıza müraciət edib hansı kəndlərin, rayon mərkəzinin, şəhərin azad olunmasını bildirirdi. Biz tamaşaçılardan fərqli olaraq siz bu xəbərlərlə daha tez tanış olurdunuz. Hansı hissləri yaşayırdınız?
– Əvəzolunmaz hisslər idi. Onları sözlə ifadə etmək çox çətindi. 30 il ərzində işğalda olan hər hansı bir kəndin, şəhərin azad olunması ilə bizim də ürəyimiz qürur hissi ilə dolurdu. Qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması, itkilərimizin az olması, müharibənin qələbə ilə başa çatması bizim hamımızı sevindirirdi.
Müharibə dövründə hansı epizod və ya hadisə daim gözünüz önündə canlanır?
– Savaş müddətində Qubadlının Xanlıqlar kəndində səhra hospitalı qurulmuşdu. Orada tibb fəaliyyətinə başladığımız ilk gündən ön xəttdə olan ordu birliklərində ruh yüksəkliyi yaranmışdı. Onlar irəlilədikcə bizim də əsgərlərimizin, zabitlərimizin arxasınca getməyimiz sevincə səbəb olmuşdu. Çünki yaralıları hospitala çatdırmaq üçün məsafə azalmışdı. Bu da zaman itkisini aradan qaldırmışdı. Döyüşdə olan yaralılar qısa müddətdə hospitala çatdırılırdılar ki, orada onlara lazımi xidməti göstərə bilirdik. Bir neçə əsgərlə bağlı yaşananlar hələ də lap yaxşı xatirimdədir. Bir hərbçimiz mina partlayışı nəticəsində ayağının birini itirmişdi. Onun döyüş qabiliyyəti, ruh yüksəkliyi bizi çox təəcübləndirmişdi. Vəziyyətinə baxmayaraq, ağrı hiss etmədən tezliklə döyüş bölgəsinə göndərilməsini istəyirdi. O, əsgər yoldaşlarının yanına, döyüş mövqeyinə tələsirdi. Belə hərbçilərimiz çox idi. Onların fədakarlığı bizi məəttəl qoyurdu.