Nicat hindistanlı ilə "sülh" bağlayıb, 8-ci tur vahid liderlə qarşılaşacaq
Kanadada keçirilən İddiaçılar Turnirində təmsilçimiz Nicat Abasov növbəti görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı şahmatçı 7-ci turda hindistanlı Vidit Santoş ilə heç-heçə edib.
Yeddi turdan sonra 4,5 xal toplayan Nepomnyaşi vahid liderdir. Rusiyalını 4 xalla Karuana, Qukeş və Praqnanandha izləyirlər. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar. Firuzca 2,5 xalla yeddinci, Abasov isə 2 xalla sonuncudur.
Nicat növbəti tur Nepomnyaşi ilə qarşılaşacaq.
Turnir aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Yarışın mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.