Olimpiya çempionlarımız cüdo mərkəzinin açılışında iştirak etdilər

  Olimpiya çempionlarımız cüdo mərkəzinin açılışında iştirak etdilər

Qusar Olimpiya İdman Kompleksində Qusar Regional Cüdo Təlim Mərkəzinin açılış mərasimi keçirilib. 

Mediasport.az xəbər verir ki, cüdo üzrə olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov, Zelim Kotsoyev də iştirak ediblər.

Kompleksin direktoru Elşən Məmmədov Qusar Regional Cüdo Təlim Mərkəzinin üç ay ərzində istifadəyə verildiyini deyib.

İcra başçısı Sahir Məmmədxanov belə idman qurğusunun yeni-yeni idmançıların yetişməsinə böyük təkan olacağını vurğulayıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu idman qurğusunun təkcə Qusarın yox, ətraf rayonların cüdoçularının da yararlana biləcəyini söyləyib.

Qusar Regional Cüdo Təlim Mərkəzi cüdo zalından, oğlan və qızlar üçün paltardəyişmə otağından, məşqçilər otağından ibarətdir. Cüdo zalında trenajor avadanlıqları da yerləşdirilib.