"Yollarımızı ayıracağımız futbolçuları açıqlayacağıq"
"Transfer çalışmalarıyla bağlı hələ elə bir irəliləyiş yoxdur. Sözün açığı, danışdığımız futbolçular var və həmin 4-5 oyunçudan cavab gözləyirik".
Mediasport.az xəbər verir ki, bu sözləri mətbuat xidmətinə açıqlamasında Azərbaycan 2-ci Liqa təmsilçisi "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynov deyib.
Gənc mütəxəssis qış fasiləsində heyəti gücləndirmək yönündə transfer etmək istədikləri futbolçuların müxtəlif liqalarda oynadıqlarını vurğulayıb:
"Onlar arasında I Liqada oynayanlar da var. Düzü, aralarında əsas heyətə düşməyib klubunu dəyişmək istəyənlər də yer alır. Amma əksəriyyəti öz komandalarında daim oynayanlardır. Müdafiədən başlayaraq, hər 3 mövqeyə yeni futbolçular gətirmək fikrindəyik. Gedənlərə gəlincə, komandadaxili iclasımız olacaq. Bu, yaxın günlərə planlaşdırılır. Ondan sonra yollarımızı ayıracağımız futbolçuları açıqlayacağıq".
Hüseynov təlim-məşq toplanışı keçmək məsələsinin sual altında olduğunu bildirib: "Bu, maliyyə məsələsinə görədir. Hər şey istədiyimiz futbolçuların transfer məsələlərindən asılıdır. Yeni futbolçularla müqavilə bağlasaq, ola bilsin, toplanış məsələsi alınmasın. Çünki komandamıza gətirmək istədiklərimiz yüksək ödənişli futbolçulardır. Bu da avtomatik olaraq büdcəyə təsir edir. İstədiyimiz futbolçuların "Cəbrayıl"a gəlməsi onlar üçün maraqlı olsa, bəli, "sbor"ı müəyyən dərəcədə arxa plana ata bilərik. Ola da bilər ki, bizə dəstək verən insan-sponsor təlim-məşq toplanışı keçməyimiz üçün əlavə şərait yaratsın".
35 yaşlı baş məşqşi qış fasiləsində yoxlama oyunu üçün rəqib tapmaqla bağlı hazırkı vəziyyətin ürəkaçan olmadığını gizlətməyib: "2-3 komandayla danışmışıq. Sadəcə, məsələ ondadır ki, qarşılaşmağı planlaşdırdığımız həm əvəzedici, həm də I Liqa komandalarının çıxış etdikləri çempionatlar bizimlə müqayisədə tez başlayır. Yalnız II Liqada qış fasiləsi böyükdür - 2,5-3 ay. Lakin digər liqalarımızda fasilə daha tez bitir. Biz isə yanvarın 15-16-da yığışırıq. Bir sözlə, sınaqçı-rəqiblərin planları bizimkiylə uyğun gəlmir. Yəqin ki, elə öz liqamızın komandaları ilə oynayacağıq. İstisna hal da ola bilər ki, Əvəzedicilərdən, yaxud I Liqadan hansısa komandalar ilk rəsmi matçlarına 3-4 gün qalmış oyun təcrübəsi qazanmaq istəsinlər. Elə bir şans olsa, bundan istifadə edəcəyik".
Qeyd edək ki, "Cəbrayıl" 2-ci Liqada fasiləyə 30 xalla yolanıb. Turnir cədvəlində "Şahdağ Qusar"la 2-3-cü pillələri bölüşən komanda lider "Baku Sportinq"dən 7 xal geri qalır.