"Onu Qurban müəllim daha yaxşı bilir" - Bəhlul Mustafazadə

"Onu Qurban müəllim daha yaxşı bilir" - Bəhlul Mustafazadə

Mediasport.az "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin Azərbaycan Premyer Liqasının 25-ci turunun "Neftçi" ilə səfər oyunundan (4:1) sonra müsahibəsini təqdim edir:


Matç barədə nə deyə bilərsən?

- Düşünürəm ki, bütün azarkeşlər üçün maraqlı oyun oldu. Hesab onların da xeyirinə bitə bilərdi, amma biz daha diqqətli olduq və vacib oyundan qabaq qələbə qazandıq. Gərginlik var idi. Onlar da ikinci qolu vurub hesabı bərabərləşdirə bilərdilər. Rəqibi əks hücumlarda tutduq. Bununla da üçüncü və dördüncü qolu vurduq. Bərabər səviyyəli oyun keçdi, lakin biz əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik.

"Neftçi" üzərindəki bu qələbə Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə oyunlara necə təsir edəcək?

- "Bayer"lə görüşdən öncə belə bir oyuna çıxmaq çox önəmli idi. Yaxşı mübarizə apardıq, amma bəzi səhvlərimiz var idi. Onları analiz edib "Bayer"lə oyundan əvvəl düzəliş etməyə çalışacağıq. 

Turnir cədvəlində böyük fərqlə lidersiz. Növbəti oyunlara necə motivasiya olacaqsız?

- Onu Qurban müəllim daha yaxşı bilir. O, bizə daha yaxşı motivasiya verə bilir. Heç bir şeydən asılı olmayaraq, bütün oyunlara daha diqqətli, daha yaxşı çıxmağımızı və öz idman formamızı qorumağı tapşırır. Bundan sonra da motivasiya tapacağıq.

Püşkdən sonra "Bayer" yenidən analiz edə bildiz?

- Fərdi olaraq bütün oyunçular imkan tapdıqda izləyirlər. Ümumiyyətlə, onlar bizə məlumdurlar. Bu oyundan sonra hazırlıq mərhələsində daha yaxından tanış olacağıq. Məşqçilər rəqib haqda daha çox məlumat verəcəklər.

"Bayer"in hazırkı vəziyyəti məlumdur, necə düşünürsən, Leverkuzen klubu qrupdakından daha güclü təəssürat bağışlayır? 

- Düşünürəm ki, daha yaxşı olublar. Biz də daha çox inkişaf etmişik. Bizi daha maraqlı və daha gərgin oyun gözləyir.