PFL-dən jurnalistlər üçün yeni layihə

PFL-dən jurnalistlər üçün yeni layihə

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının qarşıdakı turlarını əhatə edəcək yeni pilot layihəyə start verir.

MediaSport.az xəbər verir ki, ilk mərhələdə qış fasiləsinədək davam edəcək layihənin icrasında əsas məqsəd idman jurnalistlərinin regionlarda keçirilən oyunları işıqlandırması üçün maddi dəstək vermək, bölgələrimizdə futbola olan azarkeş marağının daha böyük auditoriyaya çatdırılmasına nail olmaqdır.

Layihədə PFL akkreditasiyası olan onlayn və çap mediada çalışan idman jurnalistləri, eyni zamanda digər profilli (ictimai-siyasi və s.) KİV-də (onlayn və çap) fəaliyyət göstərən idman jurnalistləri iştirak edə bilərlər. Bu anadək PFL akkreditasiyası olmayan şəxslər sonradan hər hansı KİV tərəfindən səfərə göndərilə bilməz. Regionlarda keçirilən oyunlarda iştirak etmək istəyən KİV əməkdaşının ad-soyadını ən gec oyun turuna 1 gün qalmış saat 15.00-dək khatira.aslanova@pfl.az ünvanına göndərməlidir. Layihəyə qatılacaq kütləvi informasiya vasitələri PFL ilə müqavilə bağlanılması üçün rekvizitlərini də göstərilən ünvana yönləndirməlidirlər.

Layihənin şərtləri 1 KİV-dən 1 oyuna 1 əməkdaş üçün nəzərdə tutulub. Eyni şəxs eyni turda bir neçə oyun üçün qeydiyyatdan keçirilə bilər. Hər ayın sonunda toplanacaq məbləğ hesaba köçürüləcək. Layihəyə qatılmaq istəyən KİV-lər barədə son qərarı vermək hüququnu PFL özündə saxlayır.

Məsafəyə uyğun olaraq maddi dəstək məbləği aşağıdakı kimi müəyyənləşdirilib:

Tovuz – 100 AZN

Gəncə - 80 AZN

Qəbələ - 80 AZN

Şamaxı – 60 AZN

Müraciət üçün nümunə:

…sport.az saytının baş redaktoru (rəhbəri) … … olaraq sizə müraciət edir və layihəyə qatılmaq istəyimizi bildiririk. Bu məqsədlə rekvizitlərimizi (bir dəfə) və qarşıdakı turda səfərdə iştirak edəcək əməkdaş(lar)ımızın ad və soyad(lar)ını təqdim edirik:

(Ad-soyad şərtidir)

IX tur

09.10.2022

Qəbələ - Qarabağ: Əli Əliyev