Premyer Liqa təmsilçisi La Liqada oynamış futbolçunu transfer etdi
“Kəpəz” sürpriz transfer əməliyyatı həyata keçirib.
Mediasport.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Gəncə klubu heyətini tanınmış legionerlə gücləndirib.
Gürcüstan yığmasının yarımmüdafiəçisi Giorgi Papunaşvili karyerasını Azərbaycanda davam etdirəcək. 27 yaşlı orta sahə oyunçusu ilə 1 illik müqavilə bağlanıb.
Tbilisi "Dinamo"sunun yetirməsi 2015-ci ildə "Verder"in ikinci komandasına transfer olunub. 1 il Almaniyada çıxış etdikdən sonra "Saraqosa" onu İspaniyaya aparıb.
Üç mövsüm burada forma geyinib, ardınca "Real Santander"in yolunu tutub. 2021-2022-ci illəri "Apollon"da (Kipr, Limassol) keçirib.
Həmin ilin əvvəlində vətənə dönən Papunaşvili Kutaisi "Torpedo"sunun uğurları üçün çalışıb. Ötən ilin yayında Serbiyadan təklif alıb və "Radniçki" üçün yenidən ölkə xaricinə yollanıb.
Gürcüstanın U-17, U-19 və U-21 yığmalarına dəvət almış yarımmüdafiəçi ilk dəfə 2014-cü ildə ölkənin əsas millisinə çağırılıb, 12 oyuna 2 qol vurub.