“Prezident kuboku-2023” keçiriləcək
Mayın 4-7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Prezident kuboku-2023” beynəlxalq reqatası keçiriləcək.
mediasport.az xəbər verir ki, Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışlardan bir gün əvvəl - mayın 3-də Mingəçevirdə Heydər Əliyev prospektində komandaların rəsmi paradı baş tutacaq.
Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. “Prezident kuboku-2023” beynəlxalq reqatası mayın 4-də Suqovuşanda start götürəcək. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq. Yarışların növbəti iki günü - mayın 5-6-da Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.
Reqatanın bağlanış mərasimi mayın 7-də Bakıda baş tutacaq. Bakı Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram abı-havası yaşadacaq.
“Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gələcək.