Qarabağ" Avropada kifayət qədər təcrübəsi olan komandadır" - Rumıniya klubunun baş məşqçisi
"Qarabağ" Avropada kifayət qədər təcrübəsi olan komandadır. Hazırda turnir cədvəlində aşağı pillələrdə qərarlaşsalar da, bu klubla qarşılaşma çox çətin olacaq".
Mediasport.az xəbər verir ki, bu sözləri Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Haralambus deyib.
Kiprli çalışdırıcı UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində sabah Bakıda qarşılaşacaqları “Qarabağ”la oyundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
45 yaşlı mütəxəssis komandasının yaxşı vəziyyətdə olduğunu bildirib:
"Komanda daxilində heç bir problem yoxdur. Biz matça hazırıq. Psixoloji və fiziki cəhətdən futbolçuları oyuna yaxşı hazırlamışıq. Rəqibin aktivində xalının az olması bizi arxayınlaşdırmamalıdır. Ümid edirəm ki, nəticə xeyrimizə olacaq".
O, Ağdam təmsilçisinin aparıcı futbolçusu Juninyonun Braziliyanın "Flamenqu" klubuna keçidinin oyunun nəticəsinə təsir göstərməyəcəyini söyləyib:
"Düşünmürəm ki, bu amil "Qarabağ"ın oyununa pis təsir etsin. Bizim də heyətimizdə itkilər var. Əsas oyunçularımız sabah meydana çıxa bilməyəcəklər. Bizim öz oyun üslubumuz var. Zədəli futbolçuların boşluğunu doldurmağa çalışacağıq".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç saat 21:45-də başlanacaq.