Qurban Qurbanov: "Süni örtüyə görə topla rahat davrana bilmirdik"
Premyer Liqanın lideri "Qarabağ" 12-ci tur çərçivəsində səfərdə “Şamaxı”nı məğlub edib.
mediasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov komandasının 4:0 hesablı qələbəsi haqda fikirlərini bildirib.
- Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Komandada yorğunçuluq var idi. Digər tərəfdən də süni örtüyə görə topla rahat davrana bilmirdik. İkinci hissədə daha sərbəst oynadıq. Çox vacib qalibiyyət əldə etdik. “Şamaxı”ya uğurlar arzu edirəm.
Kevin Medinanı 15 dəqiqə oynatmaq əvvəldən planınızda var idi?
– Bəli, əvvəldən var idi. Hətta onu meydanda daha çox görmək istəyirdim. Lakin Ozobiçin meydandan tez çıxması müəyyən qədər planlarımızı pozdu.
İkinci hissədə sona yaxın 4 hücumçu ilə oynadız.
– Bəzi oyunçuların 20-25 dəqiqə meydanda olmasını istəyirdik. Həm məşq xarakterli, həm də yerdəyişmələri hiss etsinlər. Sabah nə olacağlnı bilmirik. Ona görə də bəzi yerdəyişmələr etdik.
Özünüz də qeyd etdiz ki, oyun ağır keçdi. Xüsusən də birinci hissədə. Bu, nə ilə bağlı idi?
– Bu gün müəyyən çətinliklər yaşadıq. Qazon süni idi, top çox qalxırdı yerdən. Bir qədər də yorğunçuluq var komandada. Ardıcıl oyunlar təsirini göstərir. Hava da sanki həddindən artıq təmiz idi. Ola bilər ki, bu da futbolçulara təsir etsin. “Şamaxı”nın oyunlarına baxmışam. Əksər oyunlarda komanda uduzmalı deyildi. Burada bütün rəqiblər çətinliklə üzləşirlər.
Vaxtından əvvəl çempionluq planları varmı?
– Belə bir şey olsaydı, çox yaxşı olardı (gülür). Amma mövsümün heç yarısını oynamamışıq. Qarşıda hələ çox oyunlar olacaq. Çempionluğun taleyini tez həll etməyi düşünsək, bu, komandaya mənfi təsir göstərər.
Nəriman Axundzadə bu gün debüt etdi. Onun çıxışını necə qiymətləndirirsiz?
– Onun oyunundan razı qaldım. İlk hissədə oyuna tam qoşula bilməsə də, ikinci hissədə meydanda daha rahat hərəkət edirdi.