"Qarabağ" rəhbərliyi futbolla vidalaşan Maksimi mükafatlandırdı
“Qarabağ”ın kapitanı Maksim Medvedev peşəkar futbolçu karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, bu dəqiqələrdə keçirilən Azərbaycan Kubokunun final oyunu 35 yaşlı müdafiəçi üçün sonuncu olub.
Təcrübəli futbolçu görüşün start fitindən əvvəl mükafatlandırılıb.
Klubda 552 matç keçirmiş Maksimə xatirə hədiyyəsini Ağdam klubunun prezidenti Tahir Gözəl və baş direktoru Əmrah Çəlikəl təqdim ediblər.
Maksim yetirməsi olduğu klubun əsas komandasında 2006/07 mövsümündə debüt edib. Müdafiəçi bunadək uzun illər “Qarabağ”ın aşağı yaş komandaları və əvəzedici heyətində çıxış edib.
18 il əsas komandanın formasını daşıyan Medvedev bu müddətdə 552 dəfə forma geyinməklə, təkcə “Qarabağ”da deyil, Azərbaycan futbol tarixində eyni klubda ən çox matça çıxan oyunçudur. Müdafiəçi bu müddətdə 17 qola imza atıb.
Maksim Premyer Liqada 376 görüşdə 12 qola sevinib. O, çempionatda eyni komandada ən çox oyun keçirən futbolçu kimi rekordçudur. Medvedev ölkə kubokunun 50 matçında 2 dəfə fərqlənib.
Sabiq milli üzvü avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusudur. O, 126 qarşılaşmada 3 qol vurub.
Maksim eyni klubla 10 dəfə Azərbaycan çempionu olan üç futbolçudan biridir. Müdafiəçi eyni klubda hamıdan çox – 14 mükafat qazanan futbolçudur. Onun hesabında Premyer Liqanın 10 qızıl, 2 gümüş və 2 bürünc medalı var.
Azərbaycan Kubokunun bu gün “Zirə”yə qarşı keçirilən həlledici matçı Maksimin 6-cı finalıdır. O, kubokun 5 qat qalibi olmaqla bu göstəricidə ölkə rekordunun şərikidir. 6-cı kubok əldə olunsa, Medevedev yeni rekordun müəllifi kimi də tarixə düşəcək.
Karyerası ərzində yalnız bir klubda çıxış edən müdafiəçi Azərbaycanın əsas yığmasında 81 dəfə şans qazanıb.
Bu göstəricidə yalnız ağdamlıların keçmiş kapitanı Rəşad Sadıqovdan geri qalan Maksim millidə ikinci nəticəyə malikdir.
O, yığmada 4 qola sevinib. Medvedev əsas yığmaya qədər aşağı yaş qrupları üzrə milli komandaların formasını da geyinib.