"Qarabağ" və "Sabah"dan ciddi irəliləyiş, "Neftçi" 13 pillə geriləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 405 komandanın cəmləşdiyi siyahıda Azərbaycanın 3 klubu yer alıb.
Ötən ay 79-cu pillədə qərarlaşan “Qarabağ” ciddi irəliləyişə nail olub. Ağdam təmsilçisi 144,5 xalla 64-cü yerə yüksəlib. Azərbaycan çempionu “River Pleyt” (Argentina), “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi nəhəng klubları geridə qoyub.
Avrokuboklarda debüt edən “Sabah” daha böyük sıçrayışla diqqət çəkib. Murad Musayevin komandası 64.5 xalla 51 pillə irəliləyib və 286-cı sıraya çıxıb.
Əvəzində “Neftçi”də geriləmə müşahidə edilib. Aktivində 62,75 xal olan “ağ-qaralar” ötən ay 298-ci pillədə idilərsə, bu dəfə 311-ci yerə qədər eniblər.
Dünya reytinqinə 312 xalla UEFA Çempionlar Liqası və İngiltərə Premyer Liqasının son qalibi “Mançester Siti” başçılıq edir. İspaniya nəhəngi “Real” 301 xalla ikinci, Braziliya təmsilçisi “Flamenqo” 268 xalla üçüncü sırada qərarlaşıb.