"Qismət indiyə imiş, öz bacarığımı göstərməyə bilməzdim"
Premyer Liqanın debütantı "Araz-Naxçıvan" 11-ci tur çərivəsində son çempion "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.
Mediasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov görüş haqda fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ" böyük komandadır. Onlara qarşı oynamaq zövq verir. İlk oyunda da, bu gün də "Qarabağ" bizdən qat-qat üstün idi. Amma şans biz tərəfdə idi. Lazımi vaxtda qolları vura bildik və üstünlüyü ələ aldıq. Rəqibin Avropa Liqası oyunundakı yorğunluğu da bizim üçün müsbət hal oldu. "Qarabağ" çox qaça bilmədi.
Bu nəticələrdən sonra avrokuboklar haqda düşünmək olar?
- Komandanı oyundan oyuna kökləyirik. Heyətimiz o qədər də geniş deyil. Bu gün avrokuboklar çox çətindir. Çalışırıq hər oyunda nələrisə yaxşı edək. Cücəni payızda sayarlar. Biz işimizi görəcəyik. Bacardıqca yuxarı pillələrdə olmaq istəyirik.
"Araz-Naxçıvan"da komanda və klub birdən formalaşdı.
- Oyundan sonra uşaqlara dedim ki, işimiz daha da çətinləşir. Bu gün böyük şeylər haqda danışmağa dəyməz. Gündəlik işimizi görməliyik. Düzgün iş gördükcə nəticə də gələcək.
Bir neçə il əvvəl "Araz-Naxçıvan" bu stadionda"Qarabağ"a məğlub olandan sonra çempionatda iştirakını dayandırmışdı. Bu gün eyni məkanda onları məğlub etdiz...
- Böyük bir şey etməmişik. Şans biz tərəfdə idi. Səbrili müdafiə olunduq. Rəqib qol vursaydı, tam fərqli şey ola bilərdi.
Demək klar ki, komanda bu mövsüm Naxçıvanda oyun keçirməyəcək?
- Bu barədə məlumatım yoxdur. Rəhbərliyə aid olan məsələdir. Ümid edirəm, tez bir zamanda məlumat olar.
Qol epizoduna görə müdafiəçiləri danlamadız?
- Uduzanda da futbolçulara danlamaq mənasında söz demirəm heç vaxt. Futbol səhvlərlə gözəldir.
Orxan Əliyev Region Liqasından sizinlə birlikdə bura kimi gəldi.
- Hər insanın içində bir "mən" var. Ona motivasiya vermək lazımdır. Orxan bizi dinləyir, meydanda mübarizə aparır, səhvlərini boynuna alır. Vadim də həmçinin.
Region Liqasından gəlib Premyer Liqada uğurlu çıxış edirsiz. Bunu necə bacardız?
- Bilmirəm bundan sonra necə olacaq. 2010-cu ildə "Neftçi"də seleksiyaçı məşqçi kimi çalışmışam. 2015-ci ildə PRO lisenziyası almışam. Qismətdən elə olub ki, Premyer Liqaya dəvət almamışam. Bəlkə də çoxlarından çox çalışmışam. Komandalarım I Liqada çempion olub. U-11 Liqasında da işləmişəm. Qismət indiyə imiş, öz bacarığımı göstərməyə bilməzdim.
"Qarabağ" tərəfi ikinci qoldan öncə qayda pozuntusu olduğunu iddia edir. Siz necə düşünürsünüz?
- Heç vaxt hakimlərin işinə qarışmıram. Həmişə feyr-pleyi sevirəm.