Rəşad Nəbiyev milli komandanın üzvləri ilə görüş keçirib - FOTO

Rəşad Nəbiyev milli komandanın üzvləri ilə görüş keçirib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və dəstək heyəti, həmçinin idmançıları ilə görüşüb.

Mediasport.az xəbər verir ki, o, komandanı, xüsusilə Hidayət Heydərov və Zəlim Kotsoyevi Əbu-Dabidə keçirilən dünya çempionatında qazandıqları qızıl medallar münasibətilə təbrik edib.

ACF prezidenti mundialda 2 qızıl medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıb. Bu əlamətdar nəticənin qazanılmasında ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin və idmançılara göstərdiyi diqqət və qayğının əsas və önəmli rol oynadığını qeyd edib. Həmçinin bildirib ki, ölkə rəhbərliyinin hər iki idmançımızı təbrik etməsi onları Yay Olimpiya Oyunlarında və digər yarışlarda yeni qələbələrə ruhlandırıb.

R.Nəbiyev bu əlamətdar nəticələrin əldə edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, federasiyanın fəaliyyəti təkcə medal qazanmağa nail olmaq deyil, həm də cəmiyyətə müsbət və faydalı mesajların çatdırılmasına yönəlib. Bunun nümunəsi olaraq o, federasiyanın təşəbbüsü ilə həyata keçirilən “Qızlara Ağ Yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kimi müxtəlif kampaniyaları xatırladıb. Bu təşəbbüslər uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin aşılanması, cəmiyyət üçün layiqli və sağlam nəslin yetişməsinə töhfə vermək məqsədi daşıyır.

Görüş zamanı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılıb. Bildirilib ki, olimpiadaya yekun və intensiv hazırlıq prosesi çərçivəsində idmançılar Quba, Poreç (Xorvatiya), Bakı, daha sonra isə Benidormda (İspaniya) təlim-məşq toplanışında iştirak edəcəklər. Məlumat verilib ki, bu düşərgələr idmançıların bacarıqlarını və ümumi performansını artırmaq, onların Yay Olimpiya Oyunlarında ən yüksək hazırlıq səviyyəsində olmalarını təmin etmək üçün nəzərdə tutulub.

R.Nəbiyev yekunda qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunlarında milli komandaya uğurlar arzu edib və Azərbaycan cüdoçularının qaliblər sırasında olacağına inandığını bildirib.