Rəşad Sadıqov səhvini düzəltdi və slovaklar darmadağın edildilər

Rəşad Sadıqov səhvini düzəltdi və slovaklar darmadağın edildilər

"Zirə" Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubunu Bakıda meydana çıxmasına peşman etdi.

Dunayska Streda təmsilçisi üzərində 4:0 hesablı möhtəşəm darmadağın "qartallar"ın çox güclü olduğunun göstəricisi sayıla bilməz, əlbəttə.

Bu, daha çox doğru seçim və yanlışdan geri dönmənin təsiri idi.

Rəşad Sadıqovun baş məşqçisi olduğu qəsəbə komandası ötən həftə Avropa Liqasında "Şerif"i də keçməli, hətta borclu idi.

Lakin cavab oyununa 2:0 hesabı ilə öndə başlayan (cavab görüşündə vurulan erkən qol da nəzərə alınır-red.) zirəliləri özününkülər yıxdılar - Salifu Suma lazımsız zamanda qırmızı vərəqə aldı, baş məşqçi isə doğru dəyişikliklər etmədi. Beləcə, nəticə qonaqların xeyrinə müəyyənləşdi.

Suma 65 faiz günahkar idi, qalan 35 faizi də mütləq Sadıqovun ayağına yazmalıyıq.

Dünən evində "Elfsborq"a da uduzan bu "Şerif" ("Qarabağ"la, "Real"la oynayan "Şerif" tam fərqli idi - red.) nə komandadır ki, qonaq meydanında 2 qolun əvəzini çıxıb penaltilərdə mərhələ adlasın?!

Yəni, "Zirə" yeni yığılan "Şerif"dən o qədər zəifdir? Belə deyil, hər halda.

Təmsilçimizin "DAK 1904"lə görüşü də isbat edir ki, "Zirə" bu "Şerif"dən üstündür.

Bəli, Rəşad Sadıqovun özünə görə arqumentləri, seçim məhdudiyyətləri, daha yaxşı nəticələr qazanmaq üçün heyətdə bəzi çatışmazlıqları var.

Lakin məhz dünənki heyət və slovaklara qarşı oyun bir daha göstərdi ki, "Şerif"lə cavab qarşılaşmasında hesabda 2:0 öndə olandan sonra meydanda azlıqda qalan "Zirə" tamamilə müdafiəyə çəkilməməli idi.

Bu, çox böyük yanlış oldu.

Moldovalılarla dueldə baş məşqçinin daha bir səhvi əvəzetmələrdə baş verdi - Sürətli və texnikalı Rafael Utsiqi fasilədə meydandan çıxarıb Davit Volkovu təkbaşına ön xətdə saxladı, dünən "DAK 1904"ə qol vuran texnikalı, cəld, qıvraq, müdafiəyə də rahat kömək edə bilən Junior Martinsi isə ehtiyatda saxlayıb daha ləng Ceyhun Nuriyevi oynatdı...Nəticədən məlumatlısız!

Bu gün müasir futbol qorxaqlığı, ehtiyatlı oyunu qəti yaxın buraxmır. Nəyin varsa, qoy ortaya. Qorxan gözə çöp düşər.

Bu gün dünyanın ən reytinqsiz futbol ölkələrinin klubları belə, özündən güclülərə qarşı hücum futbolu oynayırlar.

Rəşad Sadıqov döyüşkənlik, mübarizlik xarakterindən dolayı səhvlərinin etirafını bəlkə də həzm edə bilmir, ancaq futboldan az anlayışı olan istənilən adama "Şerif" və "DAK 1904"lə matçların videoyazılarını göstər, 42 yaşlı mütəxəssisin səhvlərini-düzlərini bir-bir izah edəcək.

Sadıqov böyük, ən azı Azərbaycan səviyyəsində uğurlu məşqçi olmaq istəyirsə, mütləq səhvləri qəbul etməli, haqlı iradlarla razılaşmalıdır.

Dikinə getməklə çətin uğur qazanar.

Mediasport.az