Rövşən Nəcəfin avazı yaxşı gəlir, amma... - AFFA bossuna tövsiyə
"Avazın yaxşı gəlir, oxuduğun Quran olsa"
(Azərbaycan Atalar sözü)
Rövnəq Abdullayev Azərbaycan futbolunda texnoloji proseslərə, çağdaş fikrə, yeniliklərə qulaq verməyən, ayaq uydurmayan rəhbər idi. Yaxud da belə görüntü verirdi. Hər bir halda 16 illik fəaliyyət(sizliy)ində bu elementləri dəfələrlə müşahidə etdik.
"İyirmi-iyirmi", "qavalıyax?", "feyr-pley"ə "pley-off" deməsi ilə tarixə düşdü, bunlar ən satirik nümunələrdəndir.
Aprelin ilk günlərində futbolumuz SOCAR-ın sabiq başqanı ilə vidalaşdı və nəhayət, canlı yayımda, yüzlərlə insanın, FİFA və UEFA kimi mötəbər təşkilatların rəsmilərinin hüzurunda "Kral öldü, yaşasın yeni kral" deməsi ilə sadaladığım qısa etalona iri bir nöqtə qoydu.
Yıxılana balta vurmazlar, Abdulayev 16 ildə Azərbaycan futboluna 16 qram fayda verə bilmədisə, bunda ən böyük günahkar BİZİK. Keçmiş olsun!
Keçənə oxşayır, həm də yox.
Ünsiyyətindən və yanaşmasından belə bir görüntü-ümid-inam var ki, AFFA-nın yeni prezidenti texnoloji proseslərin, yenilikçiliyin tam içində, mərkəzindədir. Hansısa bir tərəfində olduğu aydın sezilir.
İstər AFFA-nın Hesabat-Seçki Konfransından sonra keçirilən mətbuat konfransında jurnalistlərə bir suallıq da olsa, tək-tək meydan verməsi, həmkarlarımıza şəxsən adları ilə müraciət edərək diqqətli olduğunu göstərməsi, sualları bildiyi-məlumatı olduğu qədər cavablandırmağa çalışması, istərsə də sonrakı cəhdləri ilə nəsə göstərməyə-etməyə can atmaq nümunəsi kimi qəbul oluna, illərdir qaranlığa qərq edilmiş futbolumuzda cüzi işıq effekti kimi də sayıla bilər.
Bir neçə gün öncə Dövlət Neft Şirkətinin kəhkəşanlı, modern binasında 60-a yaxın qələm əhlini başına toplayaraq qalaq-qalaq olan ümumi futbol və yaradıcılıq problemlərini dinləməyə addım atması da yeni bir nümunə idi, hər halda geridə qalan 20 ilə yaxın müddətdə belə bir ənənənin şahidi olmamışdıq.
Saatyarımlıq görüş təxminən 60 nəfərin - ortalama 40 mətbu orqanın rəhbərinin fərdi fikirlərini dinləməyə yetməsə də, ilkin addım olaraq ümidverici qiymətləndirilə bilər. Görüşə futbolumuzun 3-4 ciddi, köklü problemini özündə ehtiva edən sualla yollanan Mediasport.az saytının rəhbərinə Rövşən Nəcəfə müraciət etmək növbəsi çatmasa da, anlayış göstərməkdə problem yoxdur.
Dediyimiz kimi, bu, bir ilk idi.
İncə bir məqam var: söhbətə idman mətbuatının problemlərindən - konkretləşdirsək, maliyyələşmədən-maddi imkanlardan başlaması - nəzərə alsaq ki, hər şeyin önündə maddiyyat gəlir - əslində iqtisadi sahəni yaxşı bilən rəhbərdən gözlənilən və normal yanaşmadır.
Ancaq...Rövşən Nəcəfin idman mətbuatına dövlət və ya AFFA tərəfindən dəstək yollarını çox primitiv müzakirəsi və "hərənin şəxsi düşüncəsi var, yaxud kimə necə sərf edirsə" yanaşması ilə səsləndirilən fikirlər fonunda saatyarım yox, ilyarım polemika açsan, ortalığa nəsə çıxarmaq mümkün ola bilməz.
Yəqin ki, Rövşən Nəcəf mətbuatı izləyir, yaxud indi əsasən elektron-onlayn nəşr üzərində qurulmuş mətbu orqanların fəaliyyətilə tanış olmaq üçün cibindəki smartfon yetərlidir.
Buna da vaxt çatdıra bilmirsə, AFFA-nın mediadan çox yaxşı xəbərdar olan, mətbuatın içindən çıxmış və bu sahədə illərdir külüng döyən əməkdaşları, Mətbuat xidməti var.
Sadə monitorinqlə bütün sualların cavabını tapıb mətbuata sivil-sağlam qaydada dəstək olmaq mümkündür. Təbii, Azərbaycan futbolunun inkişafının bir parçası, ayrılmaz hissəsi mətbuatdır.
Yox, əgər Azərbaycan futbolunda dağ boyda problemlər olduğu halda media ilə də əməkdaşlığa şəxsən nəzarət etmək və buna saatlarla vaxt ayırmaq istəyirsə, Rövşən Nəcəfdə heç nə alınmaz. Niyə? Çünki qarşı tərəfi dinləməlisən və fikri qarşı tərəfə buraxsan, zaman işıq sürətilə gedəcək, aləm bir-birinə dəyəcək və yekdil rəy olmayacaq.
Bu sahədə iki adamın fikri üst-üstə düşəndə, üçüncünü çıraqla axtarırsan. Yuxarıda qeyd etdiyimiz kimi, hərənin özünə sərf edən fikri, düşüncəsi, baxış bucağı var.
Odur ki, ən yaxşısı, belə xırda və həm də böyük problemləri-məsələləri Mətbuat xidmətinin öhdəsinə buraxmalı, üçüncü-dördüncü tərəfə-hansısa quruma, komitəyə ehtiyac qalmamalı və özü isə daha qlobal problemlərlə məşğul olmalıdır.
Bəlkə onda nəsə alındı.
Qeyd etdiyimiz kimi, avazı yaxşı gəlir, təki, oxuduğu Quran olsun...
Mediasport.az