"Belçika, Azərbaycan və Estoniya yığmalarını məğlub etməliyik"
AVRO-2024-ün seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi İsveç millisinin yarımmüdafiəçisi Mattias Svanberq qalan oyunlar barədə fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, Almaniyanın "Volfsburq" klubunda çıxış edən 24 yaşlı futbolçu komandasının qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanmaq şanslarının olduğunu düşündüyünü deyib.
"Şansımız az qalsa da, ümidimizi itirməmişik. Seçmə mərhələnin qalan görüşlərində Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik. Bu matçlarda yalnız qələbə qazanmaq barədə düşünürük. Avropa çempionatı kimi böyük turnirdə iştirak etmək istəyiriksə, bunun üçün bacardığımızı edəcəyik".
İsveç oktyabrın 16-da səfərdə Belçika yığması ilə qarşılaşacaq. Qrupun ilk matçında Azərbaycana 5:0 hesabı ilə qalib gələn skandinaviyalılar noyabrın 16-da Bakıda qonağımız olacaqlar, 3 gün sonra isə evdə Estoniyanı qəbul edəcəklər.
İsveç hazırda qrupda 6 xalla 13 xala malik liderlər - Belçika və Avstriyadan geri qalır.