“Sabah” böyük komandadır, menecerimlə danışacam"

“Sabah” böyük komandadır, menecerimlə danışacam"

"Araz-Naxçıvan"da icarə əsasında çıxış edən "Sabah"ın müdafiəçisi Abdulla Rzayev "Qarabağ"la son tur görüşünün (2:2) ardından Mediasport.az saytının suallarını cavablandırıb.

Mövsümün son qarşılaşması haqda nə deyə bilərsən?

- Əvvəlcə “Qarabağ”ı təbrik edirəm. Layiqli çempion oldular və ötən mövsüm Avropa Liqasında da ölkəmizi layiqli təmsil etdilər. Oyun haqda danışsaq, itirəcəyimiz bir şey yox idi. Son oyunlar qələbə qazana bilmirdik. Çalışırdıq ki, bu oyunda xal qazanaq, mövsümü ən azı 8-ci yerdə bitirək. Mövsüm boyu çətin oyunlarımız da oldu, yaxşı oyunlarımız da. Ən azı bu gün xal qazana bildik və kiçik də olsa azarkeşlərimizi sevindirə bildik. Azarkeşlərə də ayrıca təşəkkürümü bildirirəm. Bakıda qalmağımıza baxmayaraq, hər zaman oyunlarımıza gəlib dəstəkləyirlər.

Öz çıxışını necə dəyərləndirirsən?

- Sözün açığı, öz çıxışım barədə danışmağı xoşlamıram. Çalışıram ki, hər zaman oyundan oyuna artırım, məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Çıxışım haqqında məşqçilər korpusu və başqaları fikir bildirsə, daha yaxşı olar. Mənim özüm haqda danışmağım düzgün olmaz. Çalışacam hər oyun artırım, öz üzərimdə daha çox işləyim. Çatışmayacaq cəhətlərim daha çoxdur. İnşallah, çalışmağa davam edəcəm.

Gələcək planın nədir - qalırsan "Araz-Naxçıvan"da?

- “Bu barədə heç nə deyə bilmərəm. Mövsüm təzə bitdi. Menecerimlə danışacam. Mən müqavilə ilə  “Sabah”a məxsusam. Burada müqavilənin vaxtı bitəndə “Sabah”a qayıdacam. Sonra isə xeyirlisi nədirsə, o olsun.

Müqavilə ilə məxsus olduğun "Sabah" Konfrans Liqasına vəsiqə qazandı. Sən də bu mövsüm "Araz-Naxçıvan"da, demək olar ki, özünü doğrultdun. Klubuna qayıdıb avrokubokda oynamaq istəyirsən?

- “Sabah”ı təbrik edirəm. “Neftçi” üzərində layiqli qələbə qazandılar və Avropada ölkəmizi təmsil edəcəklər. Şübhəsiz, “Sabah” böyük komandadır. Orada və Konfrans Liqasında oynamaq böyük hissdir. Təki, xeyirlisi olsun.

“Araz-Naxçıvan” mövsümün gedişində yaxşı çıxış edirdi və klubda hamı avrokuboklardan danışırdı. Nə baş verdi ki, mövsümü 8-ci pillədə bitirdiz?

- Bu, futboldur. Biz də istəyərdik ki, hər oyun yaxşı nəticə göstərək, daha da artıraq. Çatışmayan cəhətlərimiz çox idi. Öz üzərimizdə çalışırdıq. Təəssüflər olsun ki, komandada uğurlu seriya qırıldı. Yenə də ilk ilimiz ümün pis deyil. Məncə, əsas məqsəd Premyer Liqada qalmaq idi. İstəyərdik ki, daha yaxşı nəticələr qazanaq. Yaxşı nəticələr çox olmasa da, yenə də mövsümü 8-ci yerdə bitirdik. Çalışacağıq önümüzə baxaq, səhvlərimiz üzərində işləyək.

Ev oyunlarınızı Naxçıvanda keçirsəydiz, nəticə fərqli ola bilərdi?

- Sözsüz. Ev oyunlarımızı Naxçıvanda keçirsəydik, daha yaxşı olardı. Yenə də azarkeşlər sağ olsunlar, bizi tək qoymurlar. Amma Naxçıvanda atmosfer daha yaxşı olardı və daha yaxşı nəticələr qazanardıq. Elə oyunlar oldu yaxşı oynadıq, bəxtimiz gətirmədi. Elə oyunlar oldu, pis oynadıq.

Ayxan