"Onu bilirəm ki, oradakılardan daha yaxşı görünürdüm" - "Sabah"da heyətə düşə bilməyən belaruslu
2022-ci ilin yanvarından dekabrına qədər "Sabah"ın qapıçısı olmuş Aleksandr Neçayev uğursuz Azərbaycan karyerası barədə danışıb.
Mediasport.az xəbər verir ki, Belarusun Yüksək Liqa təmsilçisi "Qomel"lə müqavilə bağlayan 30 yaşlı qolkiper ölkəmizdə az oynamasına baxmayaraq, xeyli təcrübə qazandığını bildirib.
O, Masazır klubuna keçidinin anidən baş verdiyini qeyd edib:
"Bu, gözlənilmədən oldu. Tanış menecer zəng vuraraq "Sabah" variantını təklif etdi. Dedi ki, müqavilə hazırdır. İlk dəfə idi belə situasiya ilə üzləşirdim. Mənə qalan yalnız əvvəlki müqaviləni pozmaq və yeni klubumla təlim-məşq toplanışına qatılmaq idi. Komandaya “Krasnodar”ı avrokuboklara çıxaran Murad Musayev rəhbərlik etdiyi üçün mən də ora getmək istəyirdim və yollandım".
Neçayev “Sabah”da əsas heyətə düşə bilməməsini limitlə əlaqələndirib:
“Azərbaycanda əcnəbilər və gənc oyunçularla bağlı limit var idi. Mövsümün əvvəlində baş məşqçi ilə danışdıq, mənə bildirdi ki, klubun hədəfləri var və gənc futbolçu limitində qapıçı olmalıdır. Nəyə görə alınmadığını bilmirəm, mən bacardığımı elədim. Onu bilirəm ki, oradakılardan daha yaxşı görünürdüm. Hər halda “Sabah”a keçdiyim üçün şadam. Orada çoxlu dostlar qazandım. Hələ də əlaqə saxlayırıq".
Qeyd edək ki, qapıçı yalnız bir matçda "Sabah"ın formasını geyinib, o da əvəzetmədən. Belaruslu Azərbaycan Kubokunun "Neftçi" ilə oyununun 79-cu dəqiqəsində meydana çıxıb.