"Sabah"ı dağıtmaq istəyirlər! - Sabahımızı məhv etməyin!
Kifayət qədər güclü maliyyə dayaqları, çoxsaylı sponsorları və mənəvi dəstəyi olan "Sabah" tarixinin ən uğurlu baş məşqçisi Murad Musayevlə sağollaşdı.
Rusiyalı necə "tupik"ə dirənibmişsə, ona "qal" deyə üz də vurmayıblar. Eləcə "dünən üçün çox sağ ol, sabah üçün başımıza çarə taparıq" deyib yola salıblar.
Büdcəsi az qala "Qarabağ" və "Neftçi" qədər olan, sözdə-açıqlamalarda-paylaşımlarda - ümumiyyətlə, perspektivdən, məqsəddən söz düşəndə əsas hədəflərinin sabah olduğu ön plana çəkilən, qabardılan "Sabah"ın içində çox ciddi xaos var, Musayevin istefası medalın görünən tərəfidir.
Çünki Murad Musayev tükənməmişdi. Tükənəcək yaşda da deyil. Xarakteri hər nə qədər bizim mentalitetə yaxın-uyğun olmasa da, peşəkarlığı yerində idi. Bu, komanda ilə növbəti uğurları qazanması üçün yenə yetərli ola bilərdi. Ötənilki kimi. Lakin klubdaxili vəziyyət bu dəfə məcburi gedişi qaçılmaz etdi.
"Sabah"a təkcə yayda gələn futbolçulara baxaq - Ayaz Quliyev, Vensan Till, İsaq Belfodil, Jarl Marqarita, Cesse Sekidika, Maruan Hadudi, Sofyan Çakla, Kahim Parris və Rəhman Daşdəmirov.
Gedənlərə baxaq - Aleksey Kaşşuk, Abdulaye Ba, Coy-Lens Mikels və Aleksey İsayev.
Sizcə, komanda cəmi 4 futbolçudan asılı idi? Ya bu qədər səviyyəli, sanballı heyəti olan komanda nədən 20 turdan sonra "Qarabağ"dan 21 xal geri qalır, yaxud niyə 1 oyunda "Qarabağ"dan 7 qol buraxır?
"Sabah" məgər "Kəpəz"dir, "Qəbələ"dir, yaxud 15 günə formalaşdırılan "Araz-Naxçıvan"dır ki, belə çıxılmaz vəziyyətə düşür?
Hərçənd adlarını çəkdiyim komandalar belə, "Sabah"dan yaxşı vəziyyətdədir. Heyətləri nə qədər qıt və aşağı maaşlı futbolçulardan formalaşsa da.
Həə, görünən kəndə bələdçi lazım deyil - "Sabah"ın dərdi başqadır. Komandanın idarəçiliyində çox ciddi çatışmazlıqlar, problemlər, yarıtmazlıqlar var, fikrimcə.
Qeyri-rəsmi olsa da, bir ucu dövlət dairələrinə qədər gedib çıxan sabahın komandası "Sabah" sabaha zərrə ümid vermir artıq.
Hansı ki, infrastruktur baxımından da bu gün bəlkə ölkənin birinci klubudur. Akademiyası, süni və təbii meydançaları, məşq bazaları, gənc məşqçiləri, yetərsay gəncləri və.s. perspektiv vəd edən detal və məqamları sadalasaq, yenə də problemin idarəetmədə olduğu qənaətinə gələcəyik.
Məqsəd nədir, "Sabah"ı dağıdıb sabahı məhv etmək? Əvvəl belə demirdiz axı.
Amma bu yol "ora" gedir, bəylər! Qaranlıq tunelə...
Eynilə belə imkanlara malik olsa da, o tuneldə tarixə köçmüş komandaları sayaq?..
Etməyin belə, bəylər!
Sabaha hesablanmış, sabah üçün yaradılmış komanda sizin heç birinizin şəxsi mülkünüz-malınız deyil.
Çox böyük miqdarda aldığınız maaşlarınız özünüzə, sağlığınıza qismət, amma sizin heç birinizin sabahı məhv etməyə ixtiyarınız yoxdur!
O uşaqlar bizim sabahımız olmalıdırlar! - Ayda azı 15 min dollar maaş+"premya" alan əcnəbi futbolçularla sabah olmaz...
Elvin ƏHƏD