SOCAR və “Qalatasaray” arasında sponsorluq müqaviləsi imzalandı
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “Qalatasaray” futbol klubu arasında sponsorluq müqaviləsinin rəsmi imzalanması mərasimi baş tutub.
MediaSport.az xəbər verir ki, tədbir “Ali Sami Yen” İdman Kompleksində gerçəkləşib.
3 illik müddəti əhatə edəcək anlaşmanın ümumi dəyəri 15 milyon avro təşkil edir.
Müqaviləyə əsasən, “Qalatasaray” 2023/2024 mövsümündə UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.
SOCAR-ı tədbirdə şirkətin Türkiyə nümayəndəliyinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov təmsil edib. O, Türkiyə nəhəngi ilə birlikdə uzun bir yola çıxdıqlarını söyləyib: “Türkiyədə idmana verdiyimiz dəstəyə yeni bir halqa əlavə edirik. “Qalatasaray”dan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qələbə ilə yoluna davam etməsini gözləyirik. “Qalatasaray”ın bütün sahələrdə uğurlar qazanacağına, kuboku da burada görəcəyimiz günlərin yaxın olduğuna inanırıq”.
“Qalatasaray”ın prezidenti Dursun Özbek SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Avropada böyük hədəflərə doğru irəlilədiyimiz bu yolda SOCAR-ın yanımızda olması bizim üçün çox dəyərlidir. Bu əməkdaşlığın təməli qardaş klubumuz “Qarabağ”la Bakıda keçirdiyimiz oyunda qoyuldu”.
İmzalanma mərasimində “Qalatasaray”ın futbolçuları Kerem Aktürkoğlu, Yunus Akgün və Lukas Toreyra da iştirak ediblər.
Qeyd edək ki, SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.