"Mövqeyimizi qorumaq üçün sonadək mübarizə aparacağıq"

"Mövqeyimizi qorumaq üçün sonadək mübarizə aparacağıq"

"Yanvarın 4-dən komanda olaraq bir yerdəyik. Həm fiziki formamızı bərpa etməyə çalışırıq, həm də taktiki-texniki məşqlərimizi edirik".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

Təcrübəli futbolçu qərb təmsilçisinin Türkiyə toplanışı haqda məlumat verib:

"Sevindiricidir ki, komanda gündən-günə optimal formanı yığır. Hazırlığımızı tam zədəsiz başa vurmağa çalışacağıq. Düşərgədə atmosfer əladır. Ümid edirəm ki, çempionat oyununa qədər tam hazır olacağıq".

33 yaşlı müdafiəçi Premyer Liqada rəqabət və yeni transferlər barədə də fikirlərini bildirib:

"Düşünürəm ki, komandaya yeni gələn oyunçuların hər biri xeyir verə biləcək potensialdadır. İkinci dövrə ağır olur. Əksər kollektivlər heyətlərini gücləndirirlər. Bu mənada yeni transferlərin bizə faydalı olacağına inanıram.

Premyer Liqaya gəlincə, məlumdur ki, 3-cü yeri tutmaq uğrunda ciddi rəqabət davam edəcək. Təxminən 4 komanda buna iddialıdır. Bilirik ki, çox çətin olacaq. Ən azından 3-cü pillədəki mövqeyimizi qoruyub-saxlamaq üçün sonadək var gücümüzlə mübarizə aparacağıq.

Xatırladaq ki, hazırda Premyer Liqada 32 xalla 3-cü pillədə qərarlaşmış Tovuz təmsilçisinin fasilədən sonra ilk görüşü yanvarın 19-da "Kəpəz"ə qarşı olacaq.